Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə Bahəddin Sultanov mülki iddia qaldırıb.
Hakim mülki iddianı qəbul edib.
Vüsal Ələkbərov bir neçə vəsatətlə çıxış edib. Öncə barəsində olan həbs qətimkan tədbirinin başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.
Dövlət ittihamçısı İlqar Quliyev bildirib ki, bu cinayət işi üzrə zərərçəkmişlər mülki iddia ilə çıxış ediblər: "Vüsal Ələkbərova mütəşəkkil dəstə tərkibində ittiham verilib. Dəstənin digər üzvləri bu gün azadlıqdadırlar. Vüsal Ələkbərova mütəşəkkıl dəstənin digər üzvləri ilə əlaqə saxlayıb, zərərçəkmişlərə, şahidlərə təsir göstərər, sübutları saxtalaşdıra bilər.
Vüsal Ələkbərovun zərərçəkmişlərə, zərərçəkmişlərin də ona münasibəti məlumdur. Bu səbəblərdən vəsatətin təmin edilməməsini istəyirəm".
Qısa müşavirədən sonra zala gələn hakimlər vəsatətin təmin edilməməsi barədə qərarı elanediblər.
Vüsal Ələkbərovun növbəti vəsatəti cinayət işinin istintaqını apardığı və "Texnikabank"ın Bakı filialının rəhbəri Zal Yusifovun ittiham olunduğu 613 saylı cinayət işi ilə bağlı olub. Bildirib ki, hazırkı cinayət işindəki zərərçəkmişlər 613 saylı cinayət işi üzrə adı keçən zərərçəkmiş şəxslərdir: "Həmin cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökm var, iş üzrə təqsirləndirilən şəxslər məhkum olunublar, cəzalarını çəkirlər. Həmin cinayət işinin məhkəmədə tədqiq edilməsini xahiş edirəm".
Vəsatətə münasibət bildirən dövlət ittihamçısı qeyd edib ki, həmin cinayət işinə ibtidai istintaq zamanı baxış keçirilib: "Lakin müdafiə tərəfi həmin cinayət işi ilə bağlı hər hansı vəsatət verməyib. 613 saylı cinayət işi 50 cilddən çoxdur, ona baxış keçirilməsinə zərurət görmürəm, vəsatət təmin edilməsin".
Vüsal Ələkbərov sonra cinayət işi üzrə çıxış edən Baş Prokurorluğun ittiham idarəsinin prokuroru İlqar Quliyevə etiraz edib: "Hörmətli məhkəmə, bildiyiniz kimi mən hərbi qulluqçuyam, hərbi rütbəm var. Bu səbəbdən işimə hərbi məhkəmədə baxılır. İşə çıxan prokuror Hərbi Prokurorluğun yox, Baş Prokurorluğun işçisidir. Onun mənim işim üzrə prosesə çıxmaq səlahiyyti yoxdur".
Prokororun özü çıxış edərək, etirazın əsassız olduğunu və təmin edilməməsini istəyib. Hakimlər də etirazın əsassızlığı nəticəsinə gəliblər. Məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib.
Elan olunumş ittihamlara münasibət bildirən Vüsal Ələkbərov özünü təqsirli bilməyib. Hazırkı mərhələdə ifadə vermək istəmədiyini, zərərçəkmişlər və şahidlərin dindirilməsi başa çatandan sonra ifadə verəcəyini deyib.
Bundan sonra zərərçəkmişlərin ifadə verməsi mərhələsi başlayıb. Bu zaman Vüsal Ələkbərov vəsatətlə çıxış edərək, prosesin qismən qapalı keçirilməsini istəyib. Bildirib ki, zərərçəkmiş Akif Qurbanov dövlət əleyhinə çıxışlar edib və bununla bağlı sirlər var, həmin sirlərin yayılması qanunla nəzərdə tutulmuş qaydada mümkün deyil.
Prokuror isə prosesin qapalı keçirilməsinə əsas görməyib və əlavə edib ki, məhkəmədə Vüsal Ələkbərovun törətdiyi konktret cinayətlər araşdırılır, bu səbəbdən işdə dövlət əhəmiyyətli sirrin yayılmasına səbəb olan hissə yoxdur.
Hakimlər prosesin qapalı keçirilməsi ilə bağlı vəsatəti təmin etməyiblər.
“Toyda sənə salam verdim, məni MTN-ə gətizdirdin”
Zərərçəkmiş Akif Qurbanov ifadəsində bildirib ki, MTN-nin baş istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevi 1992-ci ildən tanıyıb. Onun sözlərinə görə, toy mərasimində Mövlam Şıxəliyevlə rastlaşıb və həmin vaxt “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevin istintaq işi ilə maraqlanıb: “Səhəri gün zəng gəldi və məni MTN-ə çağırdılar. MTN-də məni bir otaqda saxladılar.
Bir qədər sonra otağa bir yoldaş gəldi, bildirdi ki, sən dövlətçilik əleyhinə çıxışlar edirsən, hökumətə qarşı çıxırsan. Ona dedim ki, məni belə işlərlə ittiham edə bilməzsən, mən YAP-ın üzvüyəm. Partiyanın üzüvlük vəsiqəsini də onlara göstərdim. Bu zaman sonradan adının Vüsal Ələkbərov olduğunu bildiyim şəxs mənimlə söhbət etdi. O, tikinti şirkətlərimi saymağa başladı.
Ona dedim ki, daha sən niyə əziyyət çəkirsən, tikinti şirkətlərimin sayını özüm deyim. Məni axşama kimi MTN-də saxladılar. Evə buraxanda dedi ki, səhər tikinti işləri ilə bağlı icazə sənədlərini də götürərək MTN-ə gəl.
Ona dedim ki, tikinti işləri ilə bağlı sənədləri bura gətirmək üçün bir “Kamaz” lazımdır. Mövlam Şıxəliyevlə görüşmək istədiyimi bildirdim. Məni onunla yox, müavini Təhsin Ağayevlə görüşdürdülər. Təhsinlə birlikdə Mövlam Şıxəliyevin otağına getdim.
Otağa daxil olanda Mövlama salam vermədim. Mövlam salam verməməyimin səbəbini soruşdu. Dedim, toyda sənə salam verdim, məni MTN-ə gətizdirdin, indi də salam versəm məni həbs edəcəksən, ya da asacaqsan.
Dedi ki, sən tikinti işi ilə məşğul olursan, yoxlasam evindən 10 milyon manat çıxar. Qayıtdım ki, sən məndən çox tikinti işi ilə məşğul olursan”.
Zərərçəkmiş qeyd edib ki, sonra ondan həbs olunmaması üçün 1 milyon manat istəyiblər: “Dedim, şefiniz (Eldar Mahmudov nəzərdə tutulur-red.) toy edir, cib xərcəliyi lazımdırsa, 10 min manat verim. Təhsin Ağayev dedi ki, boş-boş danışma, pulu düzəlt gətir”.
“Oğlanlarımla bağlı rüsvayçı məlumatlar yayacağı ilə hədələdi”
Akif Qurbanov ertəsi gün Dubaya getməsindən, ora çatanda ölkədən giriş-çıxışına “stop” qoyulmasından danışıb: “Oğulanlarımı da, məni də həbs etməklə hədələdilər. Mən vaxtilə Bakıda tikinti işləri ilə məşğul olmuşam. İndi isə Rusiyada tikinti ilə məşğulam. MTN-in işə qarsıdığı bir vaxtda tikinti aparmaq mümkün deyildi”.
Prokurorun suallarını cavablandıran Akif Qurbanov qeyd edib ki, MTN-də ondan ifadə almayıblar, 2012-ci ildə telefon danışıqları dinlənilib: “Vüsal Ələkbərov məndən aldığı bir milyonun Mövlam Şıxəliyevə çatacağını bildirdi. Vüsal Ələkbərov icraçı olub, yəqin ona da puldan 5-10 faiz çatıb”.
Akif Qurbanov Vüsal Ələkbərova qarşı qaldırdığı mülki iddianın müdafiə etdiyini bildirib. Sonra o, Vüsal Ələkbərovun vəkillərinin suallarını cavablandırıb. Qeyd edib ki, pulu Vüsal Ələkbərova verib, ondan da geri istəyir: “O, pulu kimə verib, öz işidir, getsin ondan alsın. Vüsal Ələkbərov mənim dövlətə qarşı çıxdığımı iddia edib, oğlanlarımla bağlı rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. Əgər Vüsal Ələkbərov da rüsvayedici məlumatlar varsa, burada desin. Dubaya getməsəydim, məni həbs edəcəkdi”.
Ümumiyyətlə, gərgin keçən prosesin bu hissəsində zərərçəkmişlərlə təqsirləndirilən şəxslərin vəkilləri arasında mübahisə yaranıb.
“Hacı Məmmədov insanları evindəki bunkerlərdə saxlayıb pul alırdı”
Daha sonra ifadə verən digər zərərçəkmiş Nizami Kazımov bildirib ki, ondan MTN-də 3 milyon manat tələb olunub, həmin pulu ödəmədiyi üçün 3 ay həbsdə yatıb: “Məni Səbail rayon Məhkəməsinə apardılar. Orada dedim ki, bankda pulu batan əmanətçiyəm, hakim üzümə baxdı, dedi nə edim?.. Vüsal Ələkbərov məni zaldan çıxartdı. Mənsiz barəmdə həbs qərarı çıxarıldı. 3 dəqiqə ərzində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Sonra mənimlə MTN-də alver başladı.
2005-ci ilə kimi Hacı Məmmədov insanları evindəki bunkerlərdə saxlayırdı, pul alırdı. Hacı Məmmədovan fərqli olaraq bunlar işləri bir qədər qanuni görməyə başladılar. İnsanları MTN-də saxlayır, pul alıb buraxırdılar”.
Nizami Kazımov təzyiqlərə dözməyərək 2 milyon ABŞ dolları ödədikdən sonra həbsdən azad edildiyini bildirib: “Mən özümə Osman Kazımovu vəkil tutmuşdum. Vüsal Ələkbərov təzyiq göstərərək, məni ondan imtinaya məcbur etdi. Mənə dövlət hesabına Cahangir adlı vəkil verdilər. O, çox mədəni insan idi. Amma işə düzgün baxmırdı, nə deyirdilər, onu edirdi”.
Daha sonra zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, “Texnikabank”da pulu batandan sonra MTN-ə çağırılıb və şantaj olunaraq 2 milyon manatı alınıb. Həmçinin 2 kilo qızılını ələ keçiriblər.
Hüseyn Səfərov deyib ki, əvvəlcə pulu ödəmədiyi üçün barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib: “Mövlam Şıxəliyev dedi ki, nazir Eldar Mahmudovun tapşırığıdır, pulu düzəltməlisən və Vüsala verməlisən.
Dedim, 2 milyon dollar nəzir payınız olsun. Bundan sonra pulu düzəldib gətirmələri üçün evə sifariş verdim. 1 milyon dollar verəndən sonra həbs qərarı ev dustaqlığı ilə əvəz edildi, sonra isə qalan pulu ödədim, barəmdə olan cinayət işinə xitam verildi”.
Hazırda ağır vəziyyətdə yaşadığını deyən zərərçəkmiş Vüsal Ələkbərovdan pulunu tələb etdiyini deyib.
Daha sonra ifadə verən zərərçəkmiş Elşən Mədətov bildirib ki, 2007-ci ildə “Texnikabank”a 677 min avro pul qoyub. 2008-ci ildə bankın rəhbəri həbs edilndən sonra ona hədə-qorxu gəliblər, Zal Yusifovdan onun əleyhinə ifadə alacaqları ilə hədələyərək 300 min dollar tələb ediblər.
Elşən Mədətov bildirib ki, hədələrə dözməyib və həbs olunacağından qorxaraq 250 min dollar verib.
Digər zərərçəkmiş Mehrac Qurbanov bildirib ki, “Texnikabank”da 623 min 200 avro pulu batıb. Onu da Vüsal Ələkbərov həbs edəcəyi ilə hədələyərək 200 min dollarını aldığını deyib.
Proses fevralın 2-də davam edəcək.
Hacı Zeynalov