30 Yanvar 2017 16:03
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə ləğv edilmiş MTN-də çalışan iki nəfər şahid qismində ifadə veriblər.

Onlar nazirliyə gələn şəxsləri qarşılayıb binaya apardıqlarının deyiblər.

Sonra Akif Çovdarovun vəkilləri ekspertiza məsələsini qaldırıblar. Vəkillər bildiriblər ki, Akif Çovdarova holter aparatının qoyulması və istədiyi həkimlərin onu müayinə etmələri barədə tələb ekspertiza tərəfindən təmin edilməyib: "Ekspertiza komissiyasının rəhbəri xaricdən gələn həkimlərin Akif Çovdarovun müayinə etməsinə icazə verməyib. Halbuki məhkəmə bunu təmin etmişdi".

Akif Çovdarov isə bildirib ki, ona formal ekspertiza lazım deyil: "Əgər bu tələblərə əməl olunmasa, mən növbəti prosesə gəlməkdən imtina edəcəyəm, aclıq aksiyasına başlayacağam".

Proses fevralın 1-də davam edəcək.

***

Bu gün Sabuncu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə Mübariz Məmmədov istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Mübariz Məmmədov bildirib ki, 2013-cü ildə təsis etdiyi “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin təsisçisi və direktorudur. Onun sözlərinə görə, Hüquq-Ekspertiza Mərkəzinin fəaliyyəti hüquqi və ekspertiza xidmətlərini həyata keçirməkdən ibarətdir: “Qurumu "MMM" MMM adı ilə 1995-ci ildə həyat yoldaşım Rəna Məmmədova ilə birgə təsis etmişəm. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti başçısının 29 mart 1996-cı il tarixli 576 saylı sərəncamına əsasən, rəhbərlik etdiyim quruma Səbail rayonu, Sovet ordusu küçəsi ilə 5 cə 6-cı Badamdar küçələrinin kəsişməsində 0,18 hektar torpaq sahəsi daimi istifadəyə ayrılıb”.

Mübariz Məmmədovun sözlərinə görə, həmin torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi kadastr planı vermədiyi üçün o, məhkəməyə müraciət edib: “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 noyabr 2013-cü il tarixli qərarına əsasən, iddiam təmin olunaraq həmin komitəyə “MMM” MMM-nin istifadəsində olan torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi vəzifəsi həvalə olundu. Bundan sonra 9 dekabr 2013-cü il tarixdə komitə tərəfindən “MMM” MMM-nə 0,18 hektar torpaq sahəsinin planı və ölçüsü verildi”.

Zərərçəkmiş qeyd edib ki, sonradan torpaq sahəsini satmaq istəyib: “Rəfail adlı ev alqı-satqısı ilə məşğul olan şəxs yanında bir nəfərlə Səbail Su-Kanalizasiya idarəsinin adını xatırlamadığım, İmişli rayonunda yaşayan mühəndisi ilə gələrək həmin torpaq sahəsini almaq istədiklərini bildirdilər. Torpağın bir sotunu 80.000 manata satmağa razılaşdım və eyni zamanda torpaqla bağlı məhkəmə mübahisəsi getdiyini bildirdim”.

Mübariz Məmmədovun sözlərinə görə, bundan sonra Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi, general Akif Çovdarovun biznesini idarə edən Rafiq Tağıyev kimi tanıdığım şəxs gələrək torpağın onun tərəfindən alınacağını deyib: “Təxminən yarım saat sonra Akif Çovdarov mobil nömrəsindən mənə zəng edərək Rafiqin almaq istədiyi torpağın mənə məxsus olub-olmaması ilə maraqlandı və 1 sotunu 70.000 manatdan ümumi torpağa 1.260.000 manat pul verəcəyini dedi”.

Mübariz Məmmədov bildirib ki, səhəri gün dostu Səbail rayonu İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Hafiz Abekarovun yanında Rafiq ona 300.000 manat beh verib: “Həm Rafiqə, həm də Akif Çovdarova beh almamışdan qabaq torpaq sahəsi ilə bağlı mülki mübahisə getdiyini demişəm. Behi təxminən 2014-cü ilin may-iyun ayında Rafiq Tağıyevdən almışam. Həmin behin verilməsinə dair hər hansı sənədləşmə aparılmayıb.

Akif Çovdarov telefonda mənə nazir Azad Rəhimovla danışacağını və torpaqla bağlı mübahisəni həll edəcəyini deyib".

Zərərçəkmişin sözlərinə görə, Akif Çovdarovun vədinə baxmayaraq özü məhkəmədə prosesi udaraq məhkəmə qətnaməsini Rafiq Tağıyevə təqdim edib: “Buna baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti həmin qətnamədən apeliyasiya şikayəti verdi. Şikayət veriləndən sonra Akif Çovdarov zəng edərək telefonda mənə dərimi boğazımdan çıxaracağını, məni məhv edəcəyini deyərək hədə-qorxu gəldi və behi geri istədi. Akif Çovdarovun hədə-qorxusundan çəkinərək qohum-əqrabamı adına olan torpaq sahələrini dəyər-dəyməzinə satdım və 175.000 ABŞ dolları pul düzəltdim. Həmin pulu iki dəfəyə Rafiq Tağıyevə və onun tapşırdığı adama verdim”.

Mübariz Məmmədov qeyd edib ki, 30 oktyabr 2014-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayəb: “Qərar çıxandan sonra Akif Çovdarov yenidən mənə zəng edərək 0,18 hektar torpağın özünə məxsus olduğunu dedi. 4 noyabr 2014-cü il tarixdə Rafiq Tağıyev məni Bakı şəhəri, Nərimanov heykəlinin yaxınlığında yerləşən ofisinə çağırdı. Orada məni və dostum Hafiz Abekarovu tutaraq MTN-ə apardılar.

Nazirlikdə Akif Çovdarov mənə söyüş söyərək, hədə-qorxu gəlməyə, oğlumun cibinə narkotik ataraq həbsə alacağını, ailə üzvülərimi məhv edəcəyini bildirdi. Daha sonra sinəmdən yumruqla vurdu. Bundan sonra otaqda olan tanımadığım MTN əməkdaşları məni döydülər. Huşumu itirdim. Bundan sonra məni sərbəst buraxdılar”.

Zərərçəkmiş qeyd edib ki, onu həbs edən həmin şəxslərdən biri internet səhifəsindən tanıdığı Səlim Məmmədovdur: “Səlim Akifin rəhbəri olduğu idarədə mühüm vəzifələrdən birini tutub. Həmin gün dostum Hafiz Abekarovu da tutaraq MTN-ə gətirdilər.

Akif Çovdarovun qəbul otağında bir müddət gözlədikdən sonra məni qəbul etdi, söyüş söyərək, oğlumun cibinə narkotik atmaqla, ailə üzvlərimi məhv etməklə hədələdi”.

Mübariz Məmmədov bildirib ki, orada huşunu itirib: “Məni döysələr də bədənimdə xəsarət yaranmadı. Çünki bilirdilər haradan yumruq vurmaq lazımdır ki, iz qalmasın. Ayılanda bir nəfərin əlində spirt məni ayıltmağa çalışdığını gördün. Həmçinin dostum Hafiz də onlara irad bildirərək ürəyimdən yenicə əməliyyat olunduğunu dedi.

Akif Çovdarovun məndən tələbi alqı-satqı müqaviləsini bağlamaq idi. Mən isə pul tam ödənilmədiyi üçün bundan imtina edirdim.

Sərbəst buraxıldım, Hafiz məni Gömrük Hospitalına gətirdi, həkimlər müayinə edərək yardım göstərdikdən sonra evə buraxdılar”.

Mübariz Məmmədovun sözlərinə görə, Akif Çovdarov həmçinin beh kimi aldığı 300.000 manat pulu Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərova verməsi barədə izahat yazmağı tələb edib: “Mən imtina etdim. Bundan sonra məcbur olaraq “MMM” MMM-in adından 16 dekabr 2014-cü il tarixli məktub yazaraq 0,18 hektar torpaq sahəsindən “Şərq F” MMC-nin xeyrinə imtina etdim. Həmin cəmiyyət Rafiq Tağıyevə məxsus idi. Lakin icra hakimiyyəti həmin məktubu qəbul etmədiyindən məcbur olaraq həmin cəmiyyəti 19 dekabr 2014-cü il tarixdə Bakı şəhərində 32 saylı dövlət notariat kontorunda Akif Çovdarovun təqdim etdiyi Nicat Nəbiyevə verdim.

Rafiqə yalvararaq həmin torpaq səhəsinin heç olması pulunun müəyyən hissəsinin ödənilməsini xahiş etdim. Çox yalvarışlardan sonra Rafiq arvadı Rəna Məmmədovanın adına Z.Əliyeva adına parkın yaxınlığındakı çoxmərtəbəli binada12 və 9-cu mərtələrdə 3 otaqlı mənzilləri mənə verdi. Mənzillərin ümumi sahəsi 262 kvadrat metr idi, mənzilləri hər kvadrat metrini 1000 manatdan hesablayaraq mənə verdilər.

Mənisə həmin mənzilləri 600 manatdan kvadratını sataraq borclarımı qaytardım”.

Daha sonra məhkəmə iclasında Mərkəzi Gömrük Hospitalının həkimləri ifadə veriblər. Onlar bildiriblər ki, Mübariz Məmmədovun ürəyinə stend qoyulub.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər