31 Yanvar 2017 15:25
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirli bilinən 1950-ci ildə Quba rayonunda anadan olmuş Məzahir Qasıminin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Məzahir Qasıminin əvvəlki vəkilindən imtina etməsi və yeni vəkillə müqavilə bağladığı məlum olub.

Vəkil Arif Abdullayev vəsatətlə çıxış edərək, təqsirləndirilən şəxsin barəsində kompleks məhkəmə ekspertizasının təyin edilməsini istəyib. O, bildirib ki, istintaq dövründə müdafiə etdiyi şəxsin barəsində ekspertiza təyin edilib və artıq ekspertizanın rəyi də var: “Amma cinayət işinin materiallarından məlum olur ki, təqsirləndirilən şəxs sakit adam olub, dalaşqan olmayıb. İstəriyirik ki, onun barəsində yenidən məhkəmə tibbi ekspertizası təyin edilsin, onun bu cinayəti hansı səbəbdən törətməsi ekspertiza rəyi ilə müəyyənləşsin”.

Hakim vəkilin diqqətinə çatdırıb ki, prosesə yeni qoşulub, bundan əvvəl cinayət işi üzrə şahidlər dindirilib: “Həmin şahidlər təqsirləndirilən şəxs haqqında danışıblar. Buna görə də vəsatəti müzakirəyə çıxarmamışdan əvvəl həmin şahidlərlə bağlı müdafiəçiyə suallar vermək, araşdırma aparmaq, sonra da həmin vəsatəti müzakirəyə çıxarmaq təklif edilir. Vəkil bizim bu təklifimiz ilə razı olmasa, onun vəsatətini müzakirə edə bilərik”.

Bu səbəbdən Asif Abdullayev vəsatətini geri götürüb və şahidlər dindirildikdən, suallardan sonra vəsatəti yenidən məhkəməyə təqdim edəcəyini bildirib.

Daha sonra şahid qismində qətlə yetirilən Fəridə Məcidovanın qardaşının həyat yoldaşı Dilarə Məcidova ifadə verib. O, bildirib ki, təqsirləndirilən şəxs Fəridə Məcidovanı məqsədli şəkildə öldürüb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslə Fəridə Məcidovanın qətl olayı baş verən gün məhkəmədə boşanma davaları olacaqmış: “Məzahir həmin gün cinayəti törədib. O, çox sakit adam idi, belə cinayət törətməsinə əvvəlcə inanmadıq. Onların bir-birindən xoşu gəlmirdi, yola getmirdilər, gərək sakit ayrılardılar. Belə bir cinayətin baş verməsi nəyə lazım idi?”

Dilarə Məcidova qeyd edib ki, İbrahim Qasımi ilə Fəridə Məcidovanın münasibətləri həm yaxşı, həm də pis olub: “Yaxşı olub ona görə ki, dolanıblar, pis olub ona görə deyirəm ki, hər ailədə söz-söhbət olur. Amma qətlin nəyə görə baş verdiyini dəqiq bilmirəm. Mənə zəng edib dedilər ki, Məzahir Fəridəni öldürüb. Bunu eşidəndə şoka düşdüm. Qətl olayı baş verən gün Fəridənin ad günü olub, onun vəziyyəti yaxşı idi, Milli Məclisdə işləyirdi, yaxşı əlaqələri var idi. Yas yerinə də tanınmış adamlar gəlmişdi”.

Dilarə Məcidova bildirib ki, təqsirləndirilən şəxs əvvəllər bizneslə məşğul olub: “Amma Fəridənin bu bizneslə dolanmasına inanmıram. Çünki Fəridə də yaxşı əməkhaqqı alırdı”.

Əmlak davası ilə bağlı prokurorun suallarını cavablandıran Dilarə Məcidova bildirib ki, mərhumənin yaşadığı evi ona atası alıb. Ər-arvad arasında əmlak davası ilə bağlı bir söz deyə bilməyəcəyini vurğulayan şahidin sözlərinə görə, Fəridə həmişə özündən razı olub: “Fəridə həmişə özünü Məzahirdən üstün tuturdu. Buna baxmayaraq, Fəridə ailəsinə, Məzahirə bağlı idi, onu çox istəyirdi. Məzahir Fəridəni döyərdi, söyərdi, amma bu qətli törətməyəydi. Çünki Məzahir sakit adam idi, gərək hövsələsini basardı. Heç vaxt ağlıma gəlməzdi ki, Məzahir belə bir cinayət törədər. Onların arasında münaqişə olmasının heç vaxt şahidi olmamışam”.

Sonra hakim xatırladıb ki, ötən iclasda həm təqsirləndirilən şəxs, həm də təqsirləndirilən şəxsin bacısı ifadə veriblər. Hakimin sözlərinə görə, hər iki şəxs ifadələrində mərhum Fəridə Məcidovanın qaşığı qızdıraraq Məzahir Qasıminin bədəninə yapışdırması barədə ifadə veriblər. Hakim həmin ifadələrlə bağlı şahid Dilarə Məcidovanın da fikirlərini öyrənib.

Dilarə Məcidova deyib ki, belə bir halın şahidi olmayıb: “Fəridənin qaşığı qızdıraraq Məzahirin bədəninə yapışdırması mümkün deyil. Belə hal heç vaxt olmayıb. Düzdü, Fəridə bunu dildə deyər, amma etməzdi. Fəridə heç vaxt Məzahiri təhqir etməyib”.

Proses fevralın 7-də davam edəcək.


İttihama görə, hadisə 2016-cı ilon sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanında yaşayan Məzahir Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən Məzahir Qasımi saxlanılıb.

Qətlə yetirilən Fəridə Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəsifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis aparatında müxtəlif vəzifələrdə işləyib.

Yaxınlarının sözlərinə görə, Fəridə Məcidova ilə həyat yoldaşı Məzahir Qasimi arasında mülklə bağlı mübahisə olub. Daha sonra mübahisə qızışıb və Məzahir Qasimi tamah məqsədi ilə qadını amansızcasına qətlə yetirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər