Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu su üstündə öldürən 1982-ci il təvəllüdlü Fərman Eminovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Fərman Eminovun anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, 3 azyaşlı övladı olan Fərman Eminov orta təhsillidir. Məhkəmənin baxış iclası fevralın 17-nə təyin edilib.
İttihama görə, hadisə Sabunçu qəsəbəsində baş verib.
Fərman Eminov 1980-ci il təvəllüdlü qonşusu Elməddin Əmənovu bıçaqlayaraq öldürüb. Qonşular arasında qanlı olayın səbəbi su üstündə olub.
Elməddin Əmənov qonşuluqda yaşayan Fərman Eminovun həyətinə gedən su borusunu kəsib. Suyun kəsildiyini görən Fərman qonşusu ilə dava edib və münaqişə zəminində onu öldürüb.
Bir neçə bıçaq xəsarəti almış 36 yaşlı Elməddinin həyatını xilas etmək mümkün olmayıb. Qətlə yetirilən şəxs də 2 uşaq atası olub.
Hacı Zeynalov