14 Fevral 2017 16:35
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Bakı-Kiyev aviareysilə getmək istəyən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən üzərində 10.000 ABŞ dollarından başqa xarici valyutanın olmadığını bildirib.

Lakin vətəndaşın hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğu üçün o, sərhəd nəzarətindən keçdikdən sonra steril zonada saxlanılıb və üzərində təkrar şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibindən 264 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla, cəmi 26.400 ABŞ dolları aşkar edilib.

Vətəndaş izahatında bildirib ki, 26.400 ABŞ dolları məbləğində xarici valyutanı Ukraynaya kommersiya məqsədilə aparmaq istəyib. Lakin qanunla müəyyən edilmiş həddən yuxarı olduğuna görə, 10.000 ABŞ dollarından artıq olan 16.400 ABŞ dollarını əvvəlcədən tanımadığı iki sərnişinə verərək gömrük nəzarətindən keçirtməyi xahiş edib. Gömrük nəzarətindən keçdikdən sonra isə steril zonada həmin şəxslərə verdiyi valyutanı geri alıb.

Beləliklə, vətəndaş gömrük orqanını aldadaraq, qanunla icazə verilən 10.000 ABŞ dollarından artıq olan 16.400 ABŞ dollarını digər sərnişinlərə paylayaraq qanunsuz yolla gömrük sərhədindən keçirtməyə cəhd göstərib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər