Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun hədə-qorxuları ilə üzləşən bir qrup zərərçəkmiş Prezident İlham Əliyevə müraciət ediblər.
Zərərçəkmişlər həmçinin Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, ədliyyə naziri, məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədova, dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə və Ali Məhkəmənin sədri Ramiz Rzayevə də müraciət ünvanlayıblar.
Zərərçəkmişlər həmin müraciətin bir nüsxəsini də Teleqraf.com-un redaksiyasına göndəriblər.
Müraciəti “Texnikabank” ASC-nin əmanətçiləri olaraq keçmiş MTN-nin rəhbər şəxsləri tərəfindən hüquqları pozulan iş adamları – Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namiq Rzayev, Bahəddin Sultanov, Müsənnif Salahov və Akif Qurbanov imzalayıb.
Zərərçəkmişlər müraciətlərində qeyd ediblər: “Cənab Prezident, Sizin xalqımızın dünəni, bu günü və sabahı üçün həyata keçirdiyimiz işləriniz ölçüyəsığmazdır. Müəllifi ümummilli liderimiz Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya arenasında uğur qazanmasında və gercəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak edib, ölkəyə investisiya axınında mühüm rol oynayıbsız və bu işləri dövlət rəhbəri olaraq uğurla davam etdirirsiz.
Prezident olaraq vaxt tapıb, vaxtaşırı xalıqın içərisində olur, problemləri öyrənir, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərirsiz. Siz uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridirsiniz”.
Zərərçəkmişlər daha sonra qeyd ediblər ki, “Texnikabank” ASC-nin keçmiş əmanətçiləri kimi ləğv edilmiş MTN rəsmiləri tərəfindən istər vətəndaş, istərsə də əmanətçi kimi hüquqları pozulub: “MTN-nin vəzifəli şəxsləri tərəfindən başımıza gətirilən müsibətlər, qarşılaşdığımız haqsızlıq, məruz qaldığımız hədə-qorxularla varidatımızın ələ keçirilməsi və bizlərə qarşı yönəldilən mənəvi terror barədə ətraflı məlumat çatdırırıq.
Bir çox xeyriyyəçilik işlərində imzamız var, çoxlu sayda ağır xəstələr maddi dəstəyimizlə şəfa tapıb, imkansız ailələrə köməkliyimiz az olmayıb. Lakin tərəqqi yolunda inamla irəliləyən Azərbaycanımızın hazırkı real inkişafının gözü götürməyən keçmiş MTN rəhbəri Eldar Mahmudovun, Akif Çovdarovun və onların əlaltıları, qanunazidd əməllərinə görə həbs edilən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan MTN-nin baş istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun, habelə MTN baş istintaq idarəsinin keçmiş rəisi, sözügedən proseslərə bilavasitə dirijorluq edən və çox ustalıqla istintaqdan yayınan Mövlam Şıxəliyevin bizlərə, həmçinin onlarla sayda namuslu insanlara qarşı yönəltdikləri qanundankənar təqibləri, zorakılıqları, hədə-qorxu ilə talançılıqları yalnız dövlətimizi sarsıtmağa, bilərəkdən sosial gərginlik yaratmağa və zəhmətsiz haram yolla varlanmağa hesablanıb”.
Zərərçəkmişlərin bildirdiyinə görə, başlarına gətirilən hadisələrin baş qəhrəmanlarından biri də “Texnikabank” ASC-nin müşahidə şurasının sədri, Eldar Mahmudovun “sağ əli” hesab edilən Etibar Əliyevdir: “Əgər Etibar Əliyev xəlvəti yolla MTN rəsmiləri ilə əməkdaşlıq etməsəydi, onlarla əlbir-dilbir olmasaydı, MTN-ə gizli yolla informasiyalar ötürməsəydi, Vüsal Ələkbərov və ya Mövlam Şıxəliyev haradan bilmiş olardılar ki, biz əmanətçilər banka nə qədər vəsait qoymuşuq?
Fəlakət hesab etdiyimiz xoşagəlməz hadisədən illər keçsə də, biz hələ də şok vəziyyətindəyik. Bizim hər birimizi bu gün bir sual çox dərindən düşünməyə vadar edir ki, görəsən qanuni yolla banka əmanət etibar etmək nə vaxtdan dələduzluq sayılır? Əsl dələduzluq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hədə-qorxu yolu ilə özgənin malını, pulunu ələ keçirməkdir.
Günühımız nə idi ki, həm Vüsal Ələkbərov və Mövlam Şıxəliyev son qəpiyə qədər pullarımızı aldılar, həm də bankdakı əmanətlərimiz batdı. Baş vermiş hadisədən dərhal sonra “Texnikabank”ın digər əmanətçiləri banka olan inamlarını itirdiklərindən bankdan əmanətlərini geri almağa başladılar. Beləliklə, səkkiz zərərçəkmişin hər biri daxil olmaqla keçirdiyimiz əsəb gərginliyinə və psixoloji sarsıntılara görə bir neçə ciddi xəstəliyə, xüsusi ilə də şəkərli diabet xəstəliyinə mübtəla olduq, vaxtından əvvəl qocaldıq, belimiz, qamətimiz büküldü, ocağımız-çırağımız söndü, müflüsləşərək borca düşdük”.
Zərərçəkmişlər həmçinin müraciətlərində Vüsal Ələkbərovun və Mövlam Şıxəliyevin hədə-qorxu və zorakılıqla aldıqları külli miqdarda pulları barədə də yazıblar.
Qeyd olunub ki, Nizami Kazımov heç bir əsas olmadan 2 ay MTN-nin təcridxanasında saxlanılıb, ondan 2 milyon dollar, Hüseyn Səfərov da 2 aydan çox saxlanılıb və 2 milyon dolları alınıb.
Bundan başqa, zərərçəkmişlər Elşən Mədətovdan 250 min, Mehrac Qurbanovdan 200 min, Namil Rzayevdən 500 min, Bahəddin Sultanovdan 370 min, Müsənnif Salahovdan 600 min, Akif Qurbanovdan 2 milyon dollar hədə-qorxu yolu ilə alıblar.
Şikayətçilər qeyd ediblər ki, adıçəkilən MTN əməkdaşları haram yollarla özlərinə sərvət toplayıblar: “Artıq insanlara həqarətlə, 3-cü sort kimi baxmağa başlayıblar. Onlar dəyəri milyonlarla ölçülən obyektlərinin sayını-hesabını da unudublar. Vüsal Ələkbərovun, milyonlarla rüşvət verərək istintaqdan yayınan Mövlam Şıxəliyevin və Etibar Əliyevin Avropanın inkişaf etmiş ölkələrində çoxlu sayda gəlirli sahələri var.
Cənab Prezident, bizə dəymiş ziyanını ödənilməsini, həmçinin Mövlam Şıxəliyevin və Etibar Əliyevin əsl təqsirkarlar kimi cinayət məsuliyyətinə cəlb edilnməsinə göstəriş verilməsini xahiş edirik”.
Qeyd edək ki, Vüsal Ələkbərovun cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılır. Mövlam Şıxəliyev və Etibar Əliyev isə həmin cinayət işində şahid qismində tanınıblar.
Hacı Zeynalov