Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək mühakimə olunmuş şəxslərin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən Rasim Əliyevin öldürülməsinə görə həbs olunan beş nəfərdən ikisi - Arif Əliyev və Samir Mustafayev vəkillərinin apelyasiya şikayətindən imtina edib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda Arif Əliyevin hüquqlarını Fəxrəddin Səfərov, Samir Mustafayevi isə Bəxtiyar Hacıyev müdafiə edirdi. Apellyasiya şikayətlərini də həmin vəkillər yazmışdı. Apellyasiya instansiyasında isə adları çəkilən iki nəfər də daxil, təqsirləndirilən şəxslərdən dördünün hüquqlarını Şəmsəddin Quliyev, Kənan Mədətovu Rəsul Yusifbəyli müdafiə edir.
Martın 1-də Bakı Apellyasiya Məhkəməsində vəkillər çıxış edib.
Kənan Mədətovun vəkili Rəsul Yusifbəylinin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu işə başdansovdu baxıb: "Çox nadir hallarda təqsirləndirilən tərəflə zərərçəkmişin fikirləri üst-üstə düşür. Bu işdə həm biz, həm də zərərçəkən həkimlərin məsuliyyətə cəlb olunmasını tələb etdik, bu haqda vəsatətlər qaldırdıq. Amma təəssüf ki, vəsatətlərimiz təmin olunmadı, həkimlər məsuliyyətdən kənarda saxlanıldı. Halbuki, Rasim Əliyevin ölümünün səbəbi həkim səhlənkarlığıdı”.
Vəkil qeyd edib ki, Kənan Mədətov heç bir günahı olmadan 9 il həbslə cəzasına məhkum edilib.
Digər təqsirləndirilən şəxslərin vəkili Şəmsəddin Quliyev isə qalan dörd nəfərdən danışıb. Deyib ki, bu dörd nəfərin kimisə öldürmək niyyəti olayıb.
Təqsirləndirilən Elşən İsmayılov bildirib ki, hökm qəbul edərkən məhkəmə heç nəyə əhəmiyyət verməyib. Elşən İsmayılov çıxışının sonunda bu işin istintaqını aparmış müstəntiqin hərəkətlərinə hüquqi qiymət verilməsini istəyib.
Başqa bir təqsirləndirilən Camal Məmmədov da müstəntiqdən gileylənib. “Bir təpiyə görə mənə 11 il verilib. Mən apelyasiya məhkəməsindən də ədalət gözləmirəm”, - Camal Məmmədov çıxışında qeyd edib.
Mərhum jurnalistin anası Teyfurə Əliyeva da öz fikrini bildirib: “Bu adamlar Rasimin ölümündə günahkardılar, qatildilər. Bu, təsdiqini tapıb”.
Proses martın 15-də davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
İttiham aktına görə, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Rasim Əliyev ötən ilin avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Rasim Əliyev avqustun 9-da orada vəfat edib.
Baş verən hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Jurnalistin ölümü ilə bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev həbs ediliblər. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da Rasim Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə saxlanılıb.
Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olub.
Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub. Cavid Hüseynovun cinayət işi ayrıca icraatda araşdırılıb və o, şərti cəza alıb.
Hacı Zeynalov