Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə çahid qismində "İntertekistil" şirkətinin əməkdaşı Paşa Namazov ifadə verib.
Paşa Namazov bildirib ki, ondan bankdan kredit götürmək üçün sənədləri imzalamaq tələb olunub: "Banka gedib sənədləri imzaladım. Deyirdilər ki, bu, şirkət üçün lazımdır".
Digər şahid Bayram Əliyev da bildirib ki, rəhbərliyin göstərişi ilə banka gedib sənədləri imzalayıb: "Dedilər fabrikə kömək üçün kredit götürmək lazımdır. Biz də deyilənləri etdik".
Şahid Şahin Qulamov da anoloji ifadə verib: "Bizə baş mühasib dedi ki, Dünyamin müəllimin bununla bağlı göstərişi var. Biz də gedib imzaladıq".
Proses martın 9-da davam edəcək.
İttihama görə, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bank" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.
Həmin şəxslər bir neçə cinayətin törədilməsi üçün "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə sabit cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.
Hacı Zeynalov