6 Mart 2017 18:26
3 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 57 yaşlı Əliqismət Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Əliqismət Heydərov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinir.

İttihama görə, Əliqismət Heydərov ailə münaqişəsi zəminində həyat yoldaşı Qönçəxanıma ağır xəsarət yetirib. O, bu əməlini xüsusi amansızlıqla törədərək, həyat yoldaşına övladlarının gözü qarşısında işgəncə verib. Ər-arvad arasındakı mübahisə qız övladlarından birinin evə gec gəlməsi ilə başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əliqismət Heydərov bildirib ki, xüsusi amansızlıqla arvadına işgəncə verməyib, ona xəsarət yetirməyib. Bildirib ki, hadisə vaxtı əsəblərini cilovlaya bilməyib və həyat yoldaşını vurub.

Zərərçəkmiş kimi tanınan Qönçəxanım Heydərova hadisə barədə geniş danışmaq istəməyib. O, həyat yoldaşını bağışladığını deyib: “Bir anın içində oldu. Elə süfrənin arxasında oturmuşduq. Heç nədən mübahisə oldu. İndi şikayətim yoxdur, onu bağışlayıram”.

Təqsirləndirilən şəxsin qızı Aytac Heydərovanın sözlərinə görə, telefon mağazalarından birində satıcı işləyir: “Əvvəllər ailə həyatı qurmuşam, sonra ayrılmışam. Buna görə də anamgillə bir evdə yaşayıram. Həmin gün anam zəng elədi ki, gəl evə, bacına kömək elə. Mən də evə gəlmədim. Gec gəldiyim üçün mübahisə yarandı və hadisə baş verdi”.

Heydərovların böyük qızı Tünzalə atasının tez-tez içdiyini və mübahisə etdiyini söyləyib: “Mən kirayədə yaşayıram. Atam içir. Həmin gün də buna görə mübahisə elədik. İçməməsini istəyirdim. Evi yığışdıranda mamaya zəng elədim ki, bacını çağır kömək eləsin. Atam da çıxıb getdi”.

Tünzalə ifadəsində atasının bağışlamadığını deyib: “Atamın bu əməlindən sonra ailəm dağıldı. Mən onu bağışlamıram. Uşaqlarımı itirmişəm. Atam ərimə mənim əxlaqsızlıq etdiyimi deyib. Bildirib ki, mən də namus üstündə bunları eləmişəm. Uşaqlarımı əlimdən alıblar, göstərmirlər. Mən onu bağışlamıram”.

Hakim heyəti tərəfləri dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Əliqismət Heydərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər