Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə Dünyamin Xəlilov ifadə verib.
Bildirib ki, 2005-ci ildən kommersiya fəaliyyət ilə məşğul olmayıb, ictima işlərlə məşğul olmağa başlayıb. 1995-ci ildən Azərbaycan Beynəlxalq Bankı ilə işgüzar münasibətləri yaranıb. Cahangir Hacıyevlə hələ 1978-ci ildən münasibətləri olub.
1992-ci ildən 2004-cü ilədək “Vneşekspertservis” konsaltinq şirkətində müxtəlif vəzifələrdə, bu müddətin son 5 ilini isə direktor kimi işləyib. 2001-ci ildə Cahangir Hacıyevin yaratdığı “General Construction” MMC adlı şirkətə direktor təyin olunub.
Dünyamin Xlilov bildirib ki, həmin şirkət baş podratçı kimi fəaliyyət göstərib, 2002-ci ildə Şəki Olimpiya Kompleksini tikib istifadəyə verib. Bundan sonra Cahangir Hacıyev müxtəlif layihələri ona tapşırmağa başlayıb.
Keçmiş deputat Beynəlxalq Bankdan pulların talanması üçün istifadə olunan “Oceanstream İnc” şirkətinin də Cahangir Hacıyev tərəfindən 2001-ci ildə yaradıldığını deyib.
Bildirib ki, 2002-ci ilin sonlarında - 2003-cü ilin əvvəllərində Cahangir Hacıyev həmin şirkətin fəaliyyətinə nəzarəti də ona həvalə edib.
“Səbail Mebel” MMC-nin adına kreditlərin ayrılmasından danışan Dünyamın Xəlilov qeyd edib ki, heç bir vəsait mənimsəməyib və heç bir şirkətdən gəlir götürməyib: "2015-ci il iyulun 2-dən həmin ilin dekabrın 29-dək olan müddətdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmuşam. Orada istintaq aparanların maliyyə işlərindən başları çıxmırdı. Mən istintaqla əməkdaşlıq etmişəm. Lazımı sənədləri istintaqa təqşdim etmişəm. Əgər nəsə mənimsəsəydim həmin sənədləri istintaqa təqdim etməzdim, gizlədərdim".
Dünyamın Xəlilov ifadəsində vergi ittihamımı da qəbul etməyib. O yaranmış vergi borcunun müəmmalı olduğunu deyib.
Daha sonra Dünyamin Xəlilov dövlət ittihamçısının suallarını cavablandırıb. Qeyd edib ki, həmin illərdə bankın Cahangir Hacıyevin nəzarətində olduğunu, şirkətlərin onun nəzarətində olduğunu bilməyib. O Cahangir Hacıyevi 1978-ci ildən tanıyıb: "Qonşuluq və sair münasibətlərimiz olub. Görüşmüşük, söhbətləşmişik. Onunla əsasən işgüzar münasibət saxlamışıq".
Dünyamin Xəlilovun sözlərinə görə, gələn pullar Antalyada, Albaniyada torpaq sahələrinin alınmasına və digər layihələrə xərclənib. O, qeyd edib ki, həmin işlərə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi nəzarət edib.
Daha sonra şahidlər ifadə veriblər.
Növbəti proses martın 16-da olacaq.
İttihama görə, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bank" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.
Həmin şəxslər bir neçə cinayətin törədilməsi üçün "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə sabit cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.
Hacı Zeynalov