Müdafiə Nazirliyinin Baş hərbi inspeksiyasının hərbi hava qüvvələri şöbəsinin sabiq baş zabiti-inspektoru, polkovnik-leytenant Ələsgər Musayev, nazirliyinin baş hərbi inspeksiyasının planlaşdırma şöbəsinin sabiq baş zabiti-inspektoru, mayor Rövşən Məmmədli və nazirliyin baş hərbi inspeksiyasının hərbi hava qüvvələri şöbəsinin baş zabiti-inspektoru Seymur Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ittiham aktına görə, Ələsgər Musayev Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavininin 20 aprel 2015-ci il tarixli 111 saylı əmri ilə hərbi hissələrdə yoxlama aparılması üçün yaradılmış komissiyanın üzvü olub.
O, həmin ilin iş planına əsasən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin fiziki hazırlıq səviyyəsini yoxlayıb.
Ələsgər Musayev yoxlama komissiyasının digər üzvü, həmin nazirliyin baş hərbi inspeksiyasının hərbi hava qüvvələri şöbəsinin baş zabiti-inspektoru Seymur Ağayevlə əlbir olub.
Onlar cinayət əlaqəsinə girməklə, 20-25 aprel 2015-ci il tarixlərdə aparılan yoxlama zamanı hərbi hissənin idarə heyətinin və bölmələrin zabitlərinə məqbul qiymətlərin verilməsi və ya topladıqları keyfiyyət ballarının yüksəldilməsi üçün həmin bölmələrin ayrı-ayrı vəzifəli şəxslərindən cəmi 1800 manat rüşvət istəyiblər.
Ələsgər Musayev və Seymur Ağayev yoxlama keçirilən dövrdə 1400 manatı hərbi hissənin əməliyyat bölmə rəisinin idman və fiziki hazırlıq üzrə köməkçisi vəzifəsində işləyən Nizayi Rüstəmovdan, 400 manatı isə hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi vəzifəsində işləmiş Elnur Əbliyevdən alıblar.
Həmin hərbi hissədə eyni yoxlamanı Rövşən Məmmədli də aparıb. O, 20-25 aprel 2015-ci il tarixlərdə aparılan yoxlama zamanı hərbi hissənin maliyyə xidmətinə məqbul qiymət və yüksək keyfiyyət balının verilməsi, eləcə də komissiya üzvü olmaqla ümumi himayədarlıq göstərilərək qeyri-məqbul qiymətləndirilmiş struktur bölmələrin təkrar yoxlamaya buraxılması və fəaliyyətlərinin məqbul qiymətləndirilməsi üçün həmin hərbi hissənin komandiri vəzifəsində işləmiş Qorxmaz Əbilovdan 10 000 manat istəyib. O, qeyd olunan məbləği Qorxmaz Əbilovdan hərbi hissənin ərazisində alıb.
Bundan başqa, Rövşən Məmmədli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavininin 20 aprel 2015-ci il tarixli 111 saylı əmri ilə yaradılan və həmin ilin iş planına əsasən Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin ümumi vəziyyətini və fəaliyyətini, döyüşə hazırlıq səviyyəsini, maliyyə və maddi-texniki təminat xidmətlərinin təşkilini, mövcud qanunvericiliklə müəyyən edilmiş vəzifələrə əməl olunmasını yoxlayıb.
Rövşən Məmmədli 20-25 aprel 2015-ci il tarixlərində aparılan yoxlama zamanı hərbi hissənin fiziki hazırlıq və maliyyə xidmətinə məqbul qiymət və yüksək keyfiyyət balının verilməsi, eləcə də komissiya üzvü olmaqla ümumi himayədarlıq göstərilərək hərbi hissənin fəaliyyətinin məqbul qiymətləndirilməsi üçün həmin hərbi hissənin komandiri vəzifəsində işləmiş Səxavət Əmirovdan 10 000 manat rüşvət istəyib. O, sonradan 7000 manata razılaşıb və qeyd olunan məbləği rüşvət kimi alıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham ediliblər.
Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Seymur Ağayev, Ələsgər Musayev və Rövşən Məmmədlinin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün ləğvini, bəraət hökmünün çıxarılmasını istəyiblər.
Gəncə Apelyasiya Məhkəməsi zabitlərin apelyasiya şikayətlərini təmin etməyib. Bu qərardan narazı qalan təqsirləndirilən şəxslərdən ikisi - Ələsgər Musayev və Rövşən Məmmədli Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmədə işə hakim Fərhad Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Ələsgər Musayev kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarının ləğvini, cinayət işinin yenidən apelyasiya baxışına təyin edilməsini xahiş edib.
Digər təqsirləndirilən Rövşən Məmməli isə apelyasiya instansiyasının qərarının ləğv edilməsini, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Prosesdə Ələsgər Musayev kasasiya şikayətinə baxılmasından imtina edilməsi ilə bağlı hakim kollegiyasına məktub ünvanlayıb. O, məktubunda kasasiya şikayətini geri götürdüyünü qeyd edib. Bu səbəbdən hakim kollegiyası qərar qəbul edərkən Ələsgər Musayevin məktubunu nəzərə alıb. Məhkəmə kasasiya şikayətinin geri qaytarılması barədə qərar elan edib.
Məhkəmə həmçinin Rövşən Məmmədlinin kasasiya şikayətinin qismən təmin edilməsi barədə qərar açıqlayıb. Qərara görə, Rövşən Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilib və onun cəzası 5 ilə endirilib.
Gəncə Apelyasiya Məhkəməsinin qərarı digər hissədə dəyişdirilmədən saxlanılıb.
Hacı Zeynalov