29 Mart 2017 15:24
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə “Şərurlu İsfəndiyar” kimi tanına İsfəndiyar Axundov ifadə verib. O, iş üzrə zərərçəkmiş “Azərtikinti ATF” şirkətinin rəhbəri Azər Quliyevin epizodu üzrə dindirilib.

Bildirək ki, Azər Quliyev bir neçə il əvvəl vəfat edib. İndiki məhkəmədə onu hüquqi varisi təmsil edir. Dələduzluqda təqsirləndirilən Azər Quliyev 14 il müddətinə azadlıqdan məhrum olunub. O, bir neçə il sonra həbsxanada vəfat edib.

“Şərurlu İsfəndiyar” prosesdə istintaqa verdiyi ifadəsini təkzib edib. O, bildirib ki, istintaqda dediklərindən xəbəri yoxdur: “Mən orta məktəb qurtarmamışam. Oxuya və yaza bilmirəm. Müstəntiq vəkilimin dediklərini yazıb. Mən də imzalamışam. Müstəntiqə gedəndə dedim ki, necə məsləhətdirsə, münasibdirsə elə də yazaq. İstintaqda yazılanlardan xəbərim yoxdur”.

İsfəndiyar Axundov istintaqa verdiyi ifadəsini təsdiq etmədiyini, Akif Çovdarov və digərləri ilə heç bir əlaqəsinin olmadığını deyib.

Məhkəmədə İsfəndiyar Axundovun istintaqa verdiyi ifadəsini açıqlanıb. O, istintaqa bildirib ki, iş adamı Azər Quliyevi təxminən 2007-ci ildən tanıyır, sonuncu ilə ədavəti və düşmənçiliyi olmayıb: “Azər Quliyev “Azərtikinti ATF” MMC-nin direktoru olub.

22 may 2007-ci il tarixdə Azər Quliyevlə “Orxan” MMC-nin direktoru Alim Əlizadə arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanıb. Həmin müqaviləyə uyğun olaraq “Orxan” MMC Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə çoxmərtəbəli binaların inşası üçün ayrılmış torpaq sahəsində olan tikintisi yarımçıq qalmış dörd ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına salmalı, “Azərtikinti ATF” MMC isə həmin yarımçıq binaların tikintisini tamamlayaraq təhvil verməli və bundan sonra əldə olunmuş mənfəət iki şirkət arasında bölünməli idi”.

İsfəndiyar Axundov qeyd edib ki, “Orxan” MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam yerinə yetirildikdən sonra “Azərtikinti ATF” MMC tərəfindən həmin binalarda tikinti işlərinə başlanılıb: “Müqaviləyə əsasən, “Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyev "Orxan” MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini satıb.

Azər Quliyev binada tikilməmiş eyni mənzilləri bir neçə nəfərə satıb. Bundan başqa, Azər Quliyev Bakı şəhərində “Babək-94” MTK-da da podratçı kimi bina tikintisi ilə məşğul olub. Həmin MTK-da da eyni qaydada mənzilləri bir neçə nəfərə satıb. Həmin faktlara görə zərərçəkmiş şəxslərin şikayəti əsasında DİN-də araşdırma aparılıb və cinayət işi başlanıb. Həmin cinayət işinin istintaq zamanı Azər Quliyevin “Orxan” MMC-nin Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə yerləşən tikintisi başa çatmamış binalarda yerləşən, tikilməmiş mənzilləri ayrı-ayrı şəxslərə satması faktları aşkara çıxıb”.

İş adamının sözlərinə görə, həmin faktlara görə də istintaq orqanı tərəfindən araşdırmalar aparılıb: “Təxminən 2008-ci ilin əvvəllərində “Orxan” MMC təsisçisi olduğu “Şaiq” MTK-ya qoşulub. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsait sonuncunun əvəzindən zərərçəkmiş şəxslərə ödənilib. Hətta tərəfindən ödənilmiş vəsait Azər Quliyevin binanın tikintisinə sərf etdiyi vəsaitdən təxminən 800.000 manat artıq olub”.

İsfəndiyar Axundov ifadəsində qeyd edib ki, bundan sonra binanın tikintisinə dair Azər Quliyevlə bağlanmış müqavilə ləğv edilib və Azər Quliyev tikintidən uzaqlaşdırılıb, “Şaiq” MTK tərəfindən həmin binalarda tikinti işləri davam etdirilərək tikinti başa çatdırılıb, Azər Quliyevin isə barəsində istintaq olunan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib: “Azər Quliyev barəsində cinayət işi üzrə istintaq başa çatdırıldıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə Azər Quliyev törətmiş olduğu əməllərə görə təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. “Orxan” MTK deyil, MMC olub. Həmin cəmiyyətin Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyəti olmayıb. MMC Naxçıvanda yaradılmaqla orada Ədliyyə Nazirliyində 21 noyabr 2003-cü ildə qeydiyyatdan keçib.

Cəmiyyətin təsisçisi Şərur rayonu Düdəngə kənd sakini İbrahimov Asəf Səfəralı oğlu olub. Cəmiyyətin başqa təsisçisi olmayıb, icraçı direktor isə Əlizadə Alim Bəhro oğlu təyin edilib”.

İsfəndiyar Axundov bildirib ki, “Şaiq” MTK və “Orxan” MMC-nin MTN ilə heç bir əlaqəsi olmayıb. Həmin bina MTN-nin sifarişi ilə tikilməyib: “Həmin binanın sifarişçisi “Orxan” MMC, podratçısı isə “Azərtikinti ATF” MMC olub. Azər Quliyev həmin tikintidə təxminən 1.300.000 manatlıq iş görüb. Həmin tikintinin Quliyev Azər Cəlil oğluna verəcəyi hansısa bir borcu yoxdur. Əksinə o, əlavə 800.000 manatlıq mənzili zərərçəkmiş şəxslərə verib”.

Sonra İsfəndiyar Axundov prokuror və müdafiəçilərin suallarını cavablandırıb.

Proses aprelin 3-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər