Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsində dini mövzuda mübahisə zəminində dustaq yoldaşının sağlamlığına ağır zərbə vurmaqda təqsirli bilinən, 1981-ci il təvəllüdlü Səbuhi Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə şahid qismində Eldar Bünyatov ifadə verib.
Şahid ifadə verməyə başlamamışdan əvvəl hakim onun haqqında qısa arayış verib. Bildirib ki, şahid bir neçə ay əvvəl yatdığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb: "Biz onu Şirvan şəhərində axtarırdıq. Amma Xəzər rayonunda tapdıq. 15 gün də evdə oturardın".
Eldar Bünyatov narkotik ittihamı ilə həbs edilib.
Eldar Bünyatovun sözlərinə görə, hadisə baş verən gecənin səhəri barakdan çıxıb: "Bu zaman dustaqların toplaşdığını gördüm. Ora balaca, qapalı yer idi. Həmin vaxt ora toplaşan uşaqlara yaxınlaşdım. Gördüm, hamı Cəlalın başına yığışıb. Cəlalın gözünün altı qaralmışdı.
Soruşdum ki, nə olub? Dedilər ki, Cəlalı vurub. Dava dini mövzü üstündə düşmüşdü".
Şahid qeyd edib ki, onların hər ikisi dindardı: "Onlar "zon"da ibadətlə məşğul olurdular. Ora "zon"du, hər gün münaqişə, söz-söhbət olur. Buna əqidə deyirlər. Hər ikisi fərqli əqidələrin nümayəndələridir. Bir birinə nəsə deyiblər, Səbuhi də onu vurub".
Eldar Bünyatovun sözlərinə görə, Səbuhini qapalı adam kimi tanıyıb: "Orda Səbuhinini özünün kupesi vardı. Tək yaşıyırdı, gündə 3 dəfə yeməyə gedirdi. Qalan vaxtı, bütün günü ibadətlə məşğul olurdu".
Proses aprelin 13-də davam edəcək.
İttihama görə, hadisə ötən il oktyabrın 19-da Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Məhkum Səbuhi Süleymanov digər dustaq yoldaşı Cəlal Mikayılovla dini zəmində mübahisə edib. Mübahisə davaya çevirilib, Səbuhi Cəlalı yumruqla vurub.
Cəlal Mikayılov Səbuhi Süleymanovun dostuna “o, əsl müsəlman deyil” sözünü işlədib. Bundan qəzəblənən Səbuhi Süleymanov isə onun sağlamlığına ağır zərbə vurub.
Səbuhi Süleymanov Cinayət Məcəlləsinin 317.2-ci (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə, onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsi ilə ittiham edilir.
Hacı Zeynalov