Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə “İntertekstil” şirkətində mexanik köməkçi işləmiş Elxan Yaqubov ifadə verib.
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Elxan Yaqubov bildirib ki, kollektivin adından kredit götürüblər: “Orada işləyən hər kəs qol çəkdi. Mən də sənədləri imzaladım. Ola bilsin ki, qanunları yaxşı bilmədiyim üçün qol çəkmişəm”.
Hakim qeyd edib ki, məhkəməyə gəlməyən şahidlərin barəsində məcburi qərar qəbul edib.
Proses aprelin 20-də davam edəcək.
İttihama görə, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bank" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub. Bir neçə cinayətin törədilməsi üçün "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakı qəsdlə və təkrar talayaraq mənimsəyib israf etməklə "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.
Hacı Zeynalov