Liseydə qanlı cinayət törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Orxan Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Orxan Səfərov aralarında yaranmış mübahisə zamanı tələbə yoldaşını bıçaqlayıb. Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 15 saylı Bakı Peşə Liseyində baş verib. 2-ci kurs tələbəsi Orxan Səfərov 3-cü kurs tələbəsi olan Mirdamət Zeynalova iki bıçaq zərbəsi vurub.
Qanlı cinayətə səbəb olan mübahisə
Aralarında olan mübahisə liseydə dərs deyən gənc müəllim Jalə Əliyeva üstündə baş verib. Bıçaqlanan Mirdamət Zeynalov Orxan Səfərovun olduğu auditoriyaya gələrək onlardan sakit olmalarını tələb edib. Səbəb kimi müəllimə Jalə Əliyevanın onun dostunun bacısı olmasını göstərib. Mirdamət Zeynalov özündən bir kurs aşağı sinifin tələbələrindən Jalə müəllimənin dərsində səs-küy salmamalarını, onun sözünə qulaq asmalarını istəyib.
Bundan sonra tələbələr arasında mübahisə yaranıb. Gəncləri özündən çıxaran isə Mirdamət Zeynalovun “Jalə müəllimə burada olanlardan kimlərinsə anasından və bacısından artıqdır” deməsi olub. Bu sözdən qəzəblənən Orxan Səfərov Mirdamətlə mübahisə edib və sonda cibindən çıxardığı bıçaqla ona iki zərbə vurub.
“Ünvanımıza nalayiq ifadələr işlədib”
Orxan Zeynalov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Proses hakim İradə Həsənzadənin sədrlik etdiyi kollegiyada araşdırılır.
Orxan Səfərov ifadəsində bildirib ki, cinayət əməlini törətdiyini etiraf edib. O, bildirib ki, Mirdamət sinfə girərək ondan və digər tələbə yoldaşlarından sakit olmalarını tələb edib: “Mirdamət bizim ünvanımıza nalayiq ifadələr işlədib”.
Orxan Səfərov məhkəmədə deyib ki, Mirdamətin işlətdiyi son sözə görə onu vurub: “Sinifə girəndə Jalə müəllimə yox idi. Dedi ki, Jalə müəllimə dostunun bacısıdır, ona hörmət eləyin. Sonra da belə xoşagəlməz sözlər işlətdi”.
Təqsirləndirilən Orxan Səfərov dərs vaxtı üstündə bıçaq gəzdirməsinin səbəbini belə izah edib: “Bıçağı dayımgildən götürmüşdüm. Bir gün əvvəl onlarda qalanda meyvə soyub yemişdim. Onda bıçaq cibimdə qalmışdı”.
“Təhqir etməmişdim”
Zərərçəkmiş Mirdamət Zeynalov bildirib ki, təqsirləndirilən Orxan Səfərovun işlətdiyi ifadənin doğru olmadığını deyib: “Orxanı əvvəldən tanıyıram. Yaxşı uşaqdır. Jalə müəllimə mənim dostumun bacısıdır. Sinifdə sakitçilik olmasını istəmişdim. Bu sözü də ümumi olaraq işlətmişdim. Kiminsə ünvanına təhqir səsləndirməmişdim. Bu barədə onlara bir neçə dəfə xəbərdarlıq etmişdim”.
Cinayət işi üzrə adı keçən müəllim Jalə Əliyeva istintaqa verdiyi ifadəsini təsdiq edib. Jalə Əliyeva hər iki şəxslə arasında şagird-müəllimə münasibətlərinin olduğunu söyləyib və bildirib ki, bu hadisə tərəflər arasında olan konfliktdən baş verib.
Proses aprelin 24-də davam edəcək.
Hacı Zeynalov