Teleqraf.com generalın istintaqa verdiyi ifadəsini əldə edib.
Elçin Quliyev ifadəsində Cinayət Məcəlləsinin ona elan olunmuş maddələri ilə özünü təqsirli bilməyib.
O, ifadəsində 2007-ci ildən 25 noyabr 2015-ci ilədək Antiterror Mərkəzinin rəisi vəzifəsində işlədiyini, daha sonra MTN-in H.Əliyev adına Akademiyasında kafedra vəzifəsinə təyin olunub: “Bir neçə dəfə sabiq nazirin (Eldar Mahmudovu nəzərdə tutur –H. Z.) xüsusi tapşırıqlarını yerinə yetirmişəm. Monitorinq mərkəzinin rəisi Teymur Quliyevlə birlikdə əldə olunacaq məlumatları birgə işləmişik. Teymur Quliyevə əlavə işləri görməklə mənə məruzə etməyi tapşırmışam. Teymur Quliyev müəyyən məlumatlar göndərib, toplayaraq sabiq nazirə təqdim etmişəm”.
Generalın sözlərinə görə, tabeliyində olan hər hansı əməliyyat işçisinin hər hansı vətəndaşı MTN-in inzibati binasına dəvət edərkən onların içəri buraxılması üçün əməliyyat növbətçisinə göstəriş verib: “Vətəndaşın dəvət edilməsindən əvvəl buna əsas verən arayış tərtib olunub. Həmin arayış mən təsdiq etdikdən sonra razılaşdırılması üçün sabiq nazirə təqdim edilib. Arayış sabiq nazir tərəfindən təsdiq ediləndən sonra bizə qaytarılıb. Daha sonra müvafiq əməliyyat işçisi tərəfindən həmin vətəndaş dəvət olunub”.
Elçin Quliyev etiraf edib ki, kuratorluq etdiyi sahələr üzrə pul qazanmaq lazım olduğunu sabiq nazir Eldar Mahmudova ona işarə edib, bir neçə dəfə həmin qurumlarda pul olub-olmadığını soruşub.
Onun sözlərinə görə, 2015-ci ilin oktyabr ayınadək olan dövrdə rəhbəri olduğu mərkəzin sabiq rəis müavini İlqar Əliyev və digərləri ilə birlikdə əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün dövlət büdcəsindən Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə İdarəsinin kassasından xüsusi xərclər smetasından ayrılmış vəsaitdən müəyyən məbləğ təyinatı üzrə xərclənməyib: “Antiterror Mərkəzinin rəisi işlədiyim müddətdə özümün və tabelyimdə olan işçilərin icraatındakı əməliyyat işləri üzrə mənbələrə iki istiqamət üzrə pul vəsaiti ödənilirdi. Mənbələr pul vəsaitinin ödənilməsi ilə bağlı əməliyyat işçisi tərəfindən raportla mənə müraciət olunurdu.
Özüm raportda göstərilən məbləğin mühasibatdan alınması ilə bağlı viza verdikdən sonra razılaşdırılması üçün sabiq nazirə göndərirdim. Sabiq nazir raportu təsdiq edəndən sonra mənə qaytarılırdı. Sonra həmin raport əməliyyat işçisi tərəfindən nazirliyin maliyyə idarəsinə təqdim edilirdi. Maliyyə idarəsindən müvafiq məbləğdə pul vəsaiti götürüldükdən sonra müavinim İlqar Əliyevə təqdim edilirdi. Onun tərəfindən də aidiyyəti üzrə əməkdaşlara paylanırdı. Vəsaitlərin alınması işini özüm İlqar Əliyevə tapşırmışdım. Bir qayda olaraq vəsaitləri mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidovun almasını bilirdim”.
Elçin Quliyev qeyd edib ki, 2013-cü ilin dekabr ayında sabiq nazir ona zəng vurub və xaricdən hansısa avadanlıq alınması ilə bağlı böyük məbləğdə pul lazım olduğunu, ona görə də “Şimal küləyi” əməliyyat işi üzrə pul alınmasına dair bir neçə raport yazıb, həmin raportun mühasibatlığa pul götürülməsi üçün təcili göndərilməsini tapşırıb: “Buna görə təcili olaraq İlqar Əliyevə məlumat verdim, həmin iş üzrə bir neçə raport yazmağı tapşırdım. Daha sonra ümumi məbləği 1.000.000 manatdan yuxarı pul vəsaitinin götürülməsinə dair bir neçə raportu silinmə arayışları ilə birlikdə sabiq nazirə göndərdim. Sabiq nazir tərəfindən həmin raportlar təsdiq edildikdən sonra hansısa işçimiz tərəfindən pul vəsaiti maliyyə idarəsindən götürüldü.
Həmin vəsait əvvəlcə İlqar Əliyevin otağına gətirildi. Orada da sabiq nazirin göstərişi ilə köməkçisi Vüqar Mahmudova verildi. Həmin vəsait mühasibatlıqdan götürüldüyü məbləğdə də Vüqar Mahmudova göndərilib”.
Elçin Quliyevin sözlərinə görə, hadisədən bir neçə gün sonra sabiq nazir yenidən ona zəng vurub və yenidən təxminən 1 milyon manat məbləğində pul lazım olduğunu, yenə də “Şimal küləyi” adı əməliyyat işində xərclənməsi adı ilə raportları yazmağı, pulu da Vüqar Mahmudova verməyi tapşırıb: “Yenidən İlqar Əliyev vasitəsi ilə bir neçə raport yazdırdım. Maliyyə idarəsinin rəisi Rəşad Hüseynovla razılaşdırdıq ki, pul vəsaiti birbaşa maliyyə idarəsindən Vüqar Mahmudova verilsin.
Bildiyimə görə, 2013-cü ilin dekabr ayında Antiterror Mərkəzi ilə yanaşı nazirliyin digər idarələrindən də eyni qaydada pullar götürülüb”.
Elçin Quliyev ifadəsində sahibkar Xalıq Sadıxovun külli miqdarda pul vəsaitinin ələ keçirilməsi məqsədilə ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi, hər ay ondan pul alınması məsələsini inkar edib. O, bildirib ki, “Elite Travel” turizm şirkətinin rəhbəri Xalıq Sadıxovu tanımır: “Qeyd olunan şəxslə bağlı rəhbərlik etdiyim Antiterror Mərkəzində hər hansı materialın, ərizənin olması, habelə həmin şəxsin MTN-in inzibati binasına buraxılmasını xatırlamıram”.
2011-2013-cü illərdə Bakı şəhər sakini Ələsgər Əliyevin Mərdəkan qəsəbəsində yerləşən 74.000 manat dəyərində 50 sot torpağın hədə-qorxu yolu ilə ələ keçirilməsi epizodu üzrə ifadə verən Elçin Quliyev qeyd edib ki, işçisi Rafiq Səfərov təxminən 2011-ci ildə onunla əlaqə saxlayıb: “O, Mərdəkan qəsəbəsində ucuz qiymətə torpaq satıldığını, həmin torpaq sahəsini alaraq mənim, özünün və müavinim olmuş İlqar Əliyev arasında bölmək istədiyini bildirdi. Torpaq sahəsinin alınması, hasarın tikilməsi, natamam mansarlı birmərtəbəli evin tikintisi ilə bağlı Rafiqə 40 min manata yaxın pul vermişəm. Həmin torpaq sahəsinin əvvəlcə Rafiq Səfərovun adına alındı, daha sonra həyat yoldaşım Kəmalə Axundovanın adına rəsmiləşdirildi”.
Elçin Quliyev həmçinin qeyd edib ki, bir neçə dəfə sabiq nazir ona zəng vurub və monitorinq xidmətinin rəisi Teymur Quliyevə bir obyekt barədə texniki-tədbir keçirilməsini, əldə olunacaq məlumatları birgə işləyib, əlavə zəruri işlər görməklə məruzə etməyi tapşırıb: “Daha sonra Teymur Quliyev müəyyən məlumatlar göndərdi. Biz də əlavə məlumatlar toplayaraq sabiq nazirə təqdim etdik. Barəsində texniki tədbirlər tətbiq edilmiş vəzifəli şəxslərin adlarını hazırda xatırlamıram. İttihamda göstərilən şəxslər barəsində hər hansı bir tədbirin keçirilməsi, telefon danışıqlarına dair məlumatların götürülməsi, qulaq asılması məsələlərin razılaşdırılması ilə bağlı sabiq nazir Eldar Mahmudova və ya nazir müavini Hilal Əsədova məruzə edib-etmədiyimi xatırlamıram”.
Sahib Qurbanov və Zaur Əzimovun istifadəsində olan telefon nömrəsi üzrə danışıqların qanunsuz dinlənilməsi və mütəşəkkil dəstə üzvləri tərəfindən Sahib Qurbanovdan 55.000 manat, Zaur Əzimovdan isə 120.000 manatın alınması epizodu üzrə ifadə verən Elçin Quliyev cinayət əməllərini inkar etməyə cəhd göstərib, zərərçəkmiş şəxsləri tanımadığını bildirib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maqsud Mahmudovdan hədə-qorxu yolu ilə 250.000 ABŞ dolları tələb edib, 120.000 ABŞ dolları ələ keçirilməsi epizodu üzrə dindirilən Elçin Quliyev özünü bu cinayət əməlindən də kənara çəkib. O, Maqsud Mahmudovu tanımadığını bildirib.
Sahibkar Yalçın Abdullayev və digərlərinin qanunsuz azadlıqdan məhrum edilməsi, ona məxsus 30.000 ABŞ dolları məbləğində “İnfinity FX 35” markalı avtomobilin hədə-qorxu yolu ilə əlindən alınması epizodu üzrə danışan Elçin Quliyev cinayət əməlinin faktiki tərəfini etiraf edib: “2015-ci ilin sentyabr-oktyabr aylarında anam Ədilə Quliyevanın xahişi ilə onun iş yoldaşı Mahirə Süleymanovanı tabeliyimdə olmuş əməkdaşlarla MTN-in Anterror Mərkəzində qəbul etdik. O, Yalçın Abdullayev və digərlərinin qanunsuz əməlləri barədə ərizə yazdı.
Həmin ərizə əsasında Yalçın Abdullayev və onun tanışlarını Antiterror Mərkəzinə çağırdıq. Onlardan “İnfinity FX 35” markalı avtomobili Mahirə Süleymanovaya qaytarılmasını tələb etdik. Həmin avtomobillə əlaqədar faktiki olaraq Binəqədi rayon Məhkəməsində mülki işə baxıldığını bilirdim. Eyni zamanda ləğv olunmuş MTN-in Binəqədi rayon idarəsinin sabiq rəisi Rafiq Səfərovdan həmin avtomobilin Binəqədi rayon icra şöbəsinin əməkdaşları tərəfindən Yalçın Abdullayevdən alınaraq saxlanca yerləşdirilməsini və daha sonra Mahirə Süleymanovaya qaytarılmasını təmin etməyi xahiş etdik. Göstərilən məsələlərlə bilavasitə İlqar Əliyev və Azər Mehdiyev məşğul olub”.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Hacı Zeynalov