Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulublar.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri – Murad Səfərov zərərçəkən şəxsin bacısının nəvəsidir. Hadisədən əvvəl M.Səfərov digər dəstə üzvlərinə qohumunun bir neçə gün əvvəl bağ evini satdığını və mənzildə külli miqdarda pulun olduğu barədə məlumat verib.
Mənzilin qapısını isə əvvəlcə özünü qonşu kimi təqdim edən Gülər Bəxtiyarzadə döyüb. Ahıl yaşlı kişi qapını açandan sonra digər dəstə üzvləri evə basqın ediblər.
Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.