1 May 2017 17:07
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi 1-ci idarəsinin 3-cü şöbəsinin rəis müavini vəzifəsində xidmət etmiş Azər Mehdiyevin ibtidai istintaqa ifadə verib.

Teleqraf.com xəbər verir ki, Azər Mehdiyev Cinayət Məcəlləsinin 145.3, 182.3.1, 182.3.2, 302.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə özünü təqsirli bilməyib.

İstintaq zamanı Azər Mehdiyev ifadəsində göstərib ki, 1996-cı ildən ləğv olunmuş MTN-də xidmət edib, müxtəlif vəzifələrdə işləyib. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maqsud Mahmudovdan hədə-qorxu ilə 250.000 ABŞ dolları tələb edib, 120.000 ABŞ dollarını ələ keçirilməsi epizodu üzrə dindirilərkən deyib ki, Mark adlı tanışı onlara müraciət edib, Maqsudla aralarında olan torpaq mübahisəsinin həllində köməklik göstərməsini xahiş edib: “İlqar Əliyevin tapşırığına əsasən 2015-ci ilin iyun ayında Maqsud Mahmudovu ləğv olunmuş MTN-ə dəvət etdim və öz otağımda onunla söhbət apardım. Maqsud Mahmudov söz verdi ki, bu məsələni həll edəcək, lakin ondan pul almamışıq”.

Azər Mehdiyev əlavə ifadəsində Maqsud Mahmudova qarşı törədilmiş qanunsuzluqları faktiki olaraq etiraf edərək bildirib ki, Maqsud Mahmudovun Antiterror Mərkəzinə dəvət olunması barədə İlqar Əliyevin ona göstəriş verib: “Bu məsələdən baş idarə rəisi Elçin Quliyevin də məlumatı olub. Maqsudla bağlı mərkəzin əməkdaşı Ayaz Gərayzadə mənə zəng vuraraq kömək etməyimi xahiş etdi, Maqsud “İAMAS”-ın işçi yerindən “qadağandır” statusunun qeyri-aktiv edilməsi ilə bağlı ona müraciət etmişdi. Mən də bu barədə İlqar Əliyevlə danışdım, həmin statusun ləğvi ilə bağlı məktubun nömrəsini Maqsuda verdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2015-ci ilin sentyabr ayında Ramil Hümbətova 5000 manat verib: “Ramil məzuniyyətdə olduğu üçün həmin pulu sonuncuya çatdırmağım üçün İlqar Əliyev mənə verib. İlqar Əliyev həmin pulu Elçin Quliyevin tapşırığı əsasında verdiyini bildirmişdi”.

Sahibkar Yalçın Abdullayev və digərlərinin qanunsuz azadlıqdan məhrum edilmələri, ona məxsus 30.000 ABŞ dolları məbləğində “İnfinity FX 35” markalı avtomobilin hədə-qorxu ilə əlindən alınması epizodu üzrə Azər Mehdiyev cinayət əməlini faktiki olaraq etiraf edib.

Azər Mehdiyev bildirib ki, 2015-ci ilin sentyabr-oktyabr aylarında İlqar Əliyevin onu xidməti otağına dəvət edib. “Xidməti otağa gedərək orada adının sonradan Mahirə Süleymanova olduğunu bildiyin bir qadını gördüm. İlqar Əliyev həmin qadının Elçin Quliyevin anası Ədilə Quliyeva ilə birlikdə işlədiyini, avtomobilinin bir neçə şəxs tərəfindən qanunsuz alınaraq qaytarılmadığını, ona görə də Mahirə Süleymanovaya ərizə yazdıraraq ona köməklik etməyimi tapşırdı.

Mahirə Süleymanova ilə otaqdan çıxdım, ona ərizə yazdırdım. Həmin vaxt Mahirə Süleymanova qeyri-rəsmi birgə yaşadığı şəxslə Yalçın Abdullayev adlı sahibkar arasında birgə biznes fəaliyyətlərinin olduğunu dedi. Bildirdi ki, bununla əlaqədar onların aralarında borc mübahisəsi yaranıb. Bu mübahisəsinin həlli ilə bağlı Mahirə tanışının əvəzinə özünə məxsus “İnfinity FX 35” markalı avtomobili Yalçın Abdullayevin tanışının adına rəsmiləşdirib”.

Azər Mehdiyevin sözlərinə görə, qeyd edilən məsələ ilə əlaqədar Binəqədi rayon Məhkəməsində mülki iş qaldırıldığı məlum olub: “Mahirənin yazdığı ərizənin icrası Antiterror Mərkəzinin rəhbərliyi tərəfindən mənə həvalə edildi. Bundan sonra ərizə ilə əlaqədar 2015-ci ilin təxminən oktyabr ayında Yalçın Abdullayevin telefon nömrəsinə zəng etdim. Onu MTN-ə dəvət etdim.

Yalçın Abdullayev də bu məsələlərlə əlaqədar ətraflı izahat verdi, Mahirə Süleymanovanın özünə məxsus “İnfinity FX 35” markalı avtomobili könüllü şəkildə ona verdiyini bildirdi. Bundan sonra İlqar Əliyevin tapşırığına əsasən Yalçın Abdullayevin tanışlarını da Antiterror Mərkəzinə çağırdım. Həmin şəxslərdən Sahib Əliyev və Namiq Əsgərov adlı şəxsləri özüm qəbul edərək, onlarla söhbət etdim. Yalçının qardaşı Zaur Abdullayevi isə hansı əməkdaşın qəbul etdiyini bilməmişəm. Araşdırma zamanı qeyd edilən avtomobillə bağlı Binəqədi rayon Məhkəməsində mülki işin olması bir daha təsdiqləndi.

Bundan sonra İlqar Əliyev Yalçın Abdullayev və Sahib Əliyevi şəxsən qəbul etdi, onlardan Mahirəyə məxsus avtomobili qaytarmalarını tələb etdi. Sahib Əliyev də Yalçın Abdullayevin ona 30.000 ABŞ dolları məbləğində borcunun olduğunu, həmin pulu aldıqdan sonra avtomobili Mahirəyə qaytara biləcəyini söylədi. Yalçın İlqar Əliyevin yanında həmin pulu Sahibə qaytaracağına söz verdi. Növbəti gün avtomobilin Mahirəyə qaytarılacağının razılaşdırıldı və onlar MTN-dən buraxıldı”.

Azər Mehdiyev bildirib ki, İlqar Əliyev avtomobilin Binəqədi rayon icra şöbəsi əməkdaşları tərəfindən təhvil alınaraq saxlanca yerləşdirilməsini təşkil etməklə bağlı MTN-in Binəqədi rayon idarəsinin sabiq rəisi Rafiq Səfərova göstəriş verməyini ondan istəyib: “Mən də bununla bağlı Rafiq Səfərovla danışdım və İlqar Əliyevin dediklərini ona çatdırdım. Növbəti gün Sahib Əliyevə zəng vuraraq avtomobili təhvil verib-vermədiyi ilə maraqlandım. Avtomobilin təhvil verilmədiyini öyrəndikdən sonra Yalçın Abdullayev və Rafiq Səfərovla danışaraq prosesi sürətləndirmələrini bildirdim. Həmin gün avtomobil saxlanca təhvil verildi”.

Azər Mehdiyevin sözlərinə görə, hadisədən bir neçə gün sonra İlqar Əliyev onu yanına çağırıb və avtomobilin üzərinə Binəqədi rayon Məhkəməsi tərəfindən həbs qoyulduğunu deyib: “İlqar Əliyev avtomobilin Mahirəyə qaytarılması üçün Rafiq Səfərovla təkrar danışmağımı tələb etdi. Mən də Rafiq Səfərova zəng edərək İlqar Əliyevin dediklərini olduğu kimi ona çatdırdım”.

Azər Mehdiyev bildirib ki, proseslərin gedişatının Elçin Quliyevə mütəmadi olaraq məruzə edilməklə nəzarətində saxlanıldığını bilib.

Malik Mustafayevin intihar etməsi faktı ilə bağlı ifadə verən Azər Mehdiyev qeyd edib ki, bu barədə 2014-cü ilin noyabr ayında elə intihar ərəfəsində eşidib: “Lakin intiharın səbəbi barədə maraqlanmamışam və bu barədə məlumatım olmayıb. Mətləb Mustafayevi dəqiq xatırlamadığım tarixdə Antiterror Mərkəzinin 1003 saylı otağında İlqar Əliyevin yanında görmüşəm. Amma Mətləb Mustafayevlə İlqar Əliyevin nə bərədə söhbət etmələrini bilməmişəm. Mətləb Mustafayevlə İlqar Əliyevi görən zaman otaqda vəkil olmayıb”.

Məlumat üçün bildirək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Yalçın Abdullayev Beyləqan rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayevin qardaşı oğludur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər