Teleqraf.com xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Maqsud Mahmudov ifadə verib.
O bildirib ki, 5 iyul 2015-ci il tarixdə, saat 14 radələrində Milli Təhlükəsizlik Nazirliyinin Antiterror mərkəzinin əməkdaşı Azər Mehdiyev ona zəng vurub və nazirliyə çağırıb: "Nazirlikdə məni Azər Mehdiyev qəbul etdi. O, məni terrorçu adlandırdı. Son 10 gündə telefon zənglərim və mesajlarımın onlar tərəfindən izlənildiyini bildirdi. Dedi ki, mən mütəmadi olaraq Ukraynaya getmişəm. Orada bir qadın və Bakı şəhərində də zərgər işləyən qızla görüşmüşəm. O, həmin qızın ərinin həbsdən yeni çıxdığını mənə bildirdi".
Zərərçəkmiş bildirib ki, MTN-də ondan əvvəlcə 250 min dollar tələb olunub: "Bildirdilər ki, tələb olunan pulu vermədyim halda qadınla görüşdüyümü həm öz həyat yoldaşıma, həm də həmin qadının həbsdən çıxan həyat yoldaşına deyəcəklər. Onlara deyilən məbləği verməyə imkanımın olmadığını bildirdim. Pulu hissə-hissə düzəldərək Azər Mehdiyevə verdim".
Prosesdə Maqsud Mahmudovla Elçin Quliyevin arasında mübahisə yaranıb. Elçin Quliyev bildirib ki, zərərçəkmişi casusluqla bağlı MTN-ə çağırıblar: "Maqsud Mahmudov Ukraynada Maydan hadisələri zamanı Azərbaycan bayrağını qaldırıb. Bu da bizim diqqətimizi cəlb etmişdi. Ondan pul almağımızla bağlı dedikləri həqiqət deyil".
Bu zaman zərərçəkmiş Qurani-Kərim kitabını çəxarır və təqsirləndirilən şəxsdən and içməsini istəyir: "Elçin Quliyev burada deyir ki, yalan danışıram. And içsin ki, yalan danışıram. Əgər and içsə, mən məhkəmə zalını tərk edəcəm".
Elçin Quliyev zərərçəkmişin and içməklə bağlı tələbini yerinə yetirməyib və yeni açıqlama verib: "Maqsud Mahmudovun MTN-ə çağırılmasından nazir Eldar Mahmudovun xəbəri və göstərişi olub. Mən burada yuxarı vəzifəli şəxs olmuşam, mənə çıxmaq üçün aşağı vəzifəli şəxslər olub. Onların da bura gəlməsini istəyirəm".
Bu zaman Maqsud Mahmudov antititerror mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin istintaqa verdiyi ifadəsinə toxunub: "Rəhmətlik İlqar Əliyev deyib ki, məndən alınan pulun 70 min manatı Eldar Mahmudova çatdırılıb. Elmin Quliyev bu gün burada bunu dolayısı yolla təsdiqləyir. Mənim 120 min manatdan əlavə 1 milyon 200 min manatımı alıblar".
Elçin Quliyev qeyd edib ki, bütün bu işlər prokurorluğun quraması olub. Bildirib ki, zərərçəkmişlər öyrədilmiş şəxslərdir. Maqsud Mahmudov generalın yalan danışdığını deyib: "Deyir ki, guya biz burada yalan danışırıq. Burada 22 nəfər zərərçəkmiş var. İndi bu qədər insan yalan danışır?".
Elçin Quliyev Maqsud Mahmudovu şantajçı adlandırıb. Zərərçəkmiş də onu baş şantajçı adlandırıb: "Burada özünü müdafiə edir. Amma illərdir kimlərisə video çəkilişlə şantaj etməklə məşğul olublar. Bizim çox yaxşı generallarımız var. Elçin Quliyev general adına ləkədir".
Daha sonra Sahib Qurbanov bildirib ki, ondan hədə-qirxu yolu ilə pul tələb olunub. Elçin Quliyev zərərçəkmiş Sahib Qurbanovun da yalan danışdığını deyib.
Qarşılıqlı ittihamlarla səslənən zamam Sahib Qurbanov deyib ki, ona qarşı edilən qaunsuzluqlarda Heydər İslamov və Ayaz Gərayzadə də iştirak edib. Həmçinin prosesdə Xəzər rayon icra hakimiyyəti başçısının müavini olmuş Heydər Ələkbərov ifadə verib.
Məhkəmə iclası mayın 18-də davam edəcək.
Hacı Zeynalov