12 May 2017 15:23
3 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almış Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə zərərçəkmişin qardaşı Əziz Əzizov ifadə verib.

O, bildirib ki, 2012-ci ilin aprel ayının əvvəllərində qardaşının həyat yoldaşı Təranə Bakıdan ona zəng edib: "Təranə telefonda dedi ki, Vidadini tutublar, evimiz yıxılıb. Mən evə gəlib, Vidadinin həbsi xəbərini atama dedim. Sonra Goranoydan Bakıya yola düşdüm.

Bakıda Təranə maskalı şəxslərin Vidadini tutduğunu, qoluna qandal vuraraq apardıqlarının dedi. Təranə 102 xidməti ilə əlaqə saxladığı üçün 16-cı polis bölməsindən zəng gəldi və bizi bölməyə çağırdılar. Bizdən izahat aldılar, araşdırma aparandan sonra bildirdilər ki, Vidadi Əzizovun saxlanması barədə Daxili İşlər Nazirliyində heç bir məlumat yoxdur.

Evə qayıtdıq, axşamüstü Vidadi gəldi. Bildirdi ki, MTN əməkdaşları tərəfindən saxlanılıb, onun bankdan götürdüyü pulun 670 min manatını alıb, 300 min manatını geri qaytarıblar".

Əziz Əzizovun sözlərinə görə, qardaşı sərbəst buraxıldığı üçün ertəsi gün rayona qayıdıb: "Bir neçə gün sonra Vidadi ilə telefonla danışanda bildirdi ki, ondan əl çəkmirlər, yenə 100 min manat verməsini tələb edirlər. Qardaşımın dediyinə görə, 40 min düzəldərək MTN əməkdaşlarına verib".

Suallara cavab verən Əziz Əzizovun sözlərinə görə, qardaşının biznesindən xəbərdar olsa da, onun külli miqdarda pul əldə etməsini bilməyib: "Həmin gün bilmişəm ki, xaricdən qardaşıma 1 milyon manat pul gəlib. Qardaşımın Goranboy rayonu Qarabucaq kəndində ferması vardı.

Bu hadisələrdən sonra qardaşıma pul lazım oldu və buna görə də heyvanları satmaq qərarına gəldim. Əslən Şuşadan olan və Ağcabədi rayonunda yaşayan Çingiz adlı mal-qara alverçisini tapdım. Fermadan 31 min 500 manata qoyun satdım, pulları Vidadiyə verdim. Həmin vaxt Vidadi borca düşmüşdü, ona pul lazım idi".

Əziz Əzizov qeyd edib ki, qardaşının MTN əməkdaşları tərəfindən saxlanması, sonra sərbəst buraxılmasının şahidi olmayıb.

Şahid ifadəsini bitirəndın sonra hakim zərərçəkmiş Vidadi Əzizovun harada olması ilə maraqlanıb. Nümayəndəsi bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs həyat yoldaşı Təranə Əhmədovanı məhkəməyə gətirməyə gedib: “Bu hadisələrdən sonra Təranə Əhmədovanın vəziyyəti yaxşı deyil, ayaq üstə çox dayana bilmir”.

Bu zaman Mirəziz Əsgərov etiraz edib: “Yalanlar hələ də davam edir. Şeytan maşını işə düşüb. Daha hansı yalanları danışacaqlar?”.

Vidadi Əzizovun nümayəndəsi ilə təqsirləndirilən şəxs arasında mübahisə düşüb. Hakim tərəflərə xəbərdarlıq edib. Vəziyyətin gərginləşdiyini görən Mirəziz Əsgərov bildirib ki, daha səbirli ola bilmir: “Gözləyə-gözləyə bu günə qalmışam. Daha dözə bilmirəm, 1 il 8 aydır şər-böhtana görə həbsdə saxlanılaram. Bu qədər şər-böhtan olmaz”.

Hakim təqsirləndirilən şəxsi sakitləşdirib və bildirib ki, belə vəziyyətdə proses davam edə bilməz. Hakim zalda səs-küy salmaq istəyən digər şəxslərə də xəbərdarlıq edib.

Daha sonra şahid qismində ifadə verən Vidadi Əzizovun bacısı Solmaz İbrahimzadə bildirib ki, hadisədən əvvəl qardaşı onlarda qalıb: “Qardaşımın evində təmir işləri gedirdi. Bu səbəbdən o, bizdə, həyat yoldaşı isə rayonda qalırdı. Hadisə baş verən günü qardaşımın həyat yoldaşı Bakıya gəlmişdi. Birgə evdən çıxdılar. Onlar gedəndən bir qədər sonra Təranə geri qayıtdı, Vidadinin tutulduğunu bildirdi. Biz də bununla bağlı hər yerə məlumat verdik.

Günün sonunda qardaşımın sürücüsü Rasim gəldi, əlində klok vardı. O, klokda pul olduğunu, pulu saxlamağımı istədi. Rasimin üstü torpaq idi, köynəyi qana bulaşmışdı. Rasim pulun evində saxlanılmasının təhlükəli olduğunu, başqa yerdə saxlamağımı məsləhət bildi.
Pulu çemodana qoydum, üstünə də paltar yığdım. Həmin çemodanı qonşumuz Elmiragilə qoydum, onun içində pul olduğunu ev sahibinə demədim. Axşam saatlarında Vidadi gəldi, pulu soruşdu. Mən də qonşudan pulu gətirdim, Vidadiyə verdim. 300 min dollar idi”.

Şahid qismində ifadə verən Vidadi Əzizovun həyat yoldaşı Təranə Əhmədova bildirib ki, onların rəsmi nikahları yoxdur, 1993-cü ildən faktiki nikahla yaşayırlar. Şahid 2012-cci ilin aprel ayının 7-də Goranboy rayonundan Bakıya gəlməsindən və Vidadi Əzizov ilə birlikdə mebel almağa getmələrindən danışıb: “Mebel mağazasında başa düşdüm ki, bizi iki-üç nəfər gənc oğlan izləyir. Bu barədə Vidadiyə heç bir söz demədim. Daha sonra mebel mağazasından çıxaraq “Zaminbank”ın “Nərimanov” filialına getdik.

Sürücü ilə mən maşında qaldıq, Vidadi isə banka girdi. Bir qədər sonra Vidadi bankdan çıxdı, əlində qara rəngli klok vardı. O, kloku maşının baqajına qoydu. Bütün bunları maşının güzgüsündən görürdüm. Bu zaman üzü maskalı, silahlı şəxslər hücuma keçdi. Mən də səs-küy saldım ki, Vidadini tuturlar. Ora gələn maskalılar mənim gözümdə 200 nəfər görünürdü. Həmin şəxslər Vidadinin qolunu bağladılar.

Dedim ki, belə etməyin, o, infarkt keçirib, həmin ərəfədə Vidadi İranda olarkən infarkt keçirmişdi. Həmin şəxslərdən biri silahı başıma dirədi, susmağımı tələb etdi. Silahı başıma dirəyən şəxsi heç vaxt bağışlamayacağam.

Onlar əlimdə olan telefonu da aldılar. Onlardan biri dedi ki, MTN əməkdaşlarıdır. Sonra onlar Vidadini apardılar”.

Təranə Əhmədovanın sözlərinə görə, 102-yə zəng vurub və sonra vəkil Cavanşir Süleymanovla birlikdə polisə bölməsinə gediblər: “Cavanşir müəllim bir neçə yer ilə əlaqə saxlasa da, bir nəticə olmadı. Evə gəldik, bir qədər sonra Vidadi gəldi və bildirdi ki, MTN əməkdaşları tərəfindən saxlanılmışdı.

Budan üç gün sonra Vidadiyə tez-tez zəng gəlməyə başladı. Zəng edənin kim olduğunu soruşdum. Dedi, MTN-dən Mirəzizdir, 40-50 min manat pul istəyir”.

Təranə Əhmədova qeyd edib ki, Vidadi Əzizov bizneslə məşğul olub, bu səbəbdən Dubay, Ukrayna, İran və Türkiyəyə tez-tez gedib. Xaricdən gələn puldan isə xəbəri olmayıb: “Vidadi çox danışan adam deyildi. Çöldə nə iş görürdü, onu evdə danışmırdı”.

Şahidin ifadəsinə arayış verən Mirəziz Əsgərov bildirib ki, rəsmi qaydada Vidadi Əzizov üç gün əvvəldən izlənilib: “Bu şəxslərin xaricdən gələn pullardan xəbəri olub. Evdə də bunun söhbəti olub. Vidadi hələ qızına söz verib ki, pul xaricdən gələndən sonra ona “Porsche” avtomobil alacaq. Evdə maşının nə rəngdə alacaqları ilə bağlı söhbət də olub. Bütün bunlar dinləmə və izləmə sənədləri ilə tərtib edilib. Mən həmin sənədlərin məhkəməyə gətirilməsini istədim. Bu ailənin hara getməsi, kimlərlə görüşməsi foto-video çəkilişlərlə sübut olunur.

Əslində hadisə baş verən günü onlar mebel almaq üçün mebel mağazasına getməyiblər. Onlar izlənmələrini bilmək üçün ora gediblər. Orada da onları cavan oğlanlar yox, kənardan bir nəfər əməkdaş izləyib”.

Bu vaxt zərərçəkmişlə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb. Mübahisəni sakitləşdirən hakim məhkəmə iclasının davamını mayın 17-nə təyin edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər