Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib və məhkəmənin hazırlıq iclası mayın 19-na təyin edilib.
İttihama görə, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.
Bundan iki ay sonra isə onlar narkotik vasitənin əkib-becərilməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər və onu öldürmək qərarına gəliblər.
2013-cü ilin may ayında Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur Xəzər rayonunun Qala qəsəbəsi ərazisində həmyerliləri Elnur Hümmətovu boğaraq qətlə yetiriblər. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar.
Adları çəkilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar.
Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.
Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.
Hacı Zeynalov