Teleqraf.com xəbər verir ki, Cəlal Hüseynov çoxsaylı şikayətlərdən sonra 2015-ci ildə şübhəli şəxs kimi saxlanılıb, barəsində polis nəzarətinə verilməklə başqa yerə getməmək haqda qərar çıxarılıb.
2016-cı ildə isə barəsində həbs-qətimkan tədbiri seçilib. 3 ay sonra isə Səbail Rayon Məhkəməsi onun barəsində olan həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə dəyişib. Məhkəmə istintaqı dövründə də ev dustaqlığında olub.
Cəlal Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib.
O, birgə iş qurmaq və qazancı bölüşdürmək və xaricdən ucuz qiymətə maşın almaq adı ilə vətəndaşlara qarşı dələduzluq edib.
İş qurmaq adı ilə Məhəmməd İbrahimovdan 73 min dollar, Mehdixan Həsənovdan 35 min dollar, Əhliman İsmayılovdan 42 min dollar, Faiq Quliyevdən 10 min dollar, Rəfael Tağıyevdən 35 min dollar alıb. Onlarln etibarından sui-istifadə edərək həmin məbləğləri mənimsəyib.
Həmçinin Cəlal Hüseynov xaricdən maşın alıb gətirmək işi ilə məşğul olduğunu deyib və bu vədlə Saməddin İsayevdən 329 min dollar, Abdulla Fətullayevdən 100 min dollar, Faiq Əlizadədən 63 min dollar, Rəfael Tağıyevdən 35 min dollar alıb və onlara bu işdən qazanc vəd etsə də, heç bir vədinə əməl etməyib.
Digər zərərçəkmiş Elvin Şahmuradov üçün "BMW X6" markalı avtomobil gətirəcəyini deyərək ondan 20 min dollar alıb.
Cəlal Hüseynov istintaq dövründə zərərçəkənlərə dəyən ziyanı ödəyib və onlarla barışıq əldə edib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Cəlal Hüseynovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Hacı Zeynalov