25 May 2017 23:57
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın daxili işlər orqanları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat-axtarış tədbiri həyata eçirib.

Teleqraf.com "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinə (RPİ) müraciət edən rayonlararası taksi fəaliyyəti ilə məşğul olan bir qrup sürücü tanımadıqları iki nəfər naməlum şəxs tərəfindən aldadılaraq pullarının mənimsədildiyini bildiriblər.

Qaradağ RPİ Cinayət Axtarış Şöbəsi (CAŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Qail Nadirov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, müxtəlif vaxtlarda qeyd edilən ünvanda sürücülərə yaxınlaşan Q.Nadirov onlardan içərisində kompüter avadanlığı, həmçinin, guya müxtəlif operatorlara məxsus bahalı mobil telefon nömrələr olan bağlamaları gedəcəyi rayona aparmalarını və orada gözləyən adama çatdırmağı xahiş edib.

Bunun müqabilində isə o, rayonlarda guya həmin bağlamaları qəbul edəcək adamın ödəyəcəyi pulu bəri başdan taksi sürücülərindən dələduzluq yolu ilə alıb.

Zərərçəkənlərin etimadını qazanmaq üçün isə Q.Nadirov guya bağlamanı qəbul edəcək adamla telefon əlaqəsi yaradaraq onun taksi sürücüləri ilə danışmasını da təşkil edib. Taksi sürücüləri qeyd edilən təkliflə razılaşıb pulu verdikdən sonra rayonlara çatdıqda onlara pulu qaytarmalı olan şəxslə əlaqə saxlaya bilməyiblər və yalnız o zaman aldanıldaqlarını dərk ediblər.

Qeyd edək ki, sürücülərə təqdim olunan bağlamalardakı kompüter avadanlıqları işlək vəziyyətdə olmayıb, telefon nömrələri isə qeyd etdikləri kimi bahalı yox, adi sim kartlar olub.

Göstərilən faktlarla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır. Q.Nadirovla birgə qeyd edilən dələduzluq cinayətlərini həyata keçirməkdə şübhəli bilinən digər şəxsin də axtarışları davam etdirilir.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Q.Nadirovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Qaradağ RPİ-nə müraciət edə bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər