Teleqraf.com xəbər verir ki, Cavid Dadaşov restoran icarəyə götürərərk birlikdə işlədiyi Akif Kazımova qarşı dələduzluq edib.
Ev satmaq adı ilə saxta sənədlər düzəldərək şərikinin 100 min manatını ələ keçirib.
Cavid Dadaşov şərikli olaraq Akif Kazımovla "Balck City" restoranını işlədib. Restoranı işlədən zaman Cavid Dadaşovun Akif Kazımova borcu yaranıb. Borcunu ödəyə bilməyən Cavid Dadaşov bunun qarşılığında Akif Kazımova ev satmağı təklif edib.
Cavid Dadaşov "Kapital Qrup" MMC tərəfindən inşa edilən binada dəyəri 200 min manat olan evi şərikinə satmağa razılaşıb. Tərəflər arasındakı razılığa görə, evin sənədləri, alqı-satqı müqaviləsi Akif Kazımovun həyat yoldaşı Nigar Kazımovanın adına hazırlanacaqmış.
İttihama görə, Cavid Dadaşov “Kapital Qrup” MMC-nin adından hazırladığı sənədləri, alqı-satqı müqaviləsini Akif Kazımova təqdim edərək ondan bir neçə dəfəyə 100 min manat pul alıb. Akif Kazımov və xanımı aldıqlarını düşündükləri mənzilə baxmağa gedərkən aldadıldıqalrını başa düşüblər. Çünki sənədlərdə göstərilən ev onların yox, başqa şəxsin adına olub.
İstintaq zamanı məlum olub ki, Cavid Dadaşovun tikinti şirkətinin adından hazırladığı sənədlər printerdən çıxarılmış, saxtalaşdırılmış sənədlər olub. Bu barədə MMC-dən də istintaq orqanına arayış təqdim edilib və Cavid Dadaşov tərəfindən hazırlanan sənədlərin saxta olduğu bildirilib.
Pulunu geri ala bilməyən Akif Kazımov növbəti dəfə aldadılığını görüb polisə müraciət edib.
Cavid Dadaşova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) və 302-ci (saxta sənədlər hazırlama) maddələri ilə ittihm elan edilib.
Cinayət işi araşdırılarkən Cavid Dadaşovun daha bir cinayət əməli üzə çıxıb. Təqsirləndirilən şəxsin Akif Kazımovla şərikli fəaliyyəti ilə bağlı da araşdırma aparılarkən məlum olub ki, Cavid Dadaşov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda külli miqdarda vergi ödəməkdən də yayınıb. Onun barəsində həmçinin əlavə olaraq Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə cinayət işi açılıb.
Vergilər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, Cavid Dadaşov “Black City” restoranını işlədiyi müddət ərzində 21 min 990 manat vergidən yayınıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən Cinayət Məcəlləsinin 178.3.2 və 213.1-ci maddələri ilə təqsirli bilinən Cavid Dadaşov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə həmçinin zərərçəkmiş Akif Kazımovun 100 min manatlıq, həmçinin Vergilər Nazirliyinin 21990 manatlıq mülki iddialarının təmin edilməsi ilə bağlı qərara çıxarıb.