17 İyul 2014 14:16
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə aralarında məşhur şoumen Mehmet Əli Erbil və Okan Karacanın da yer aldığı tanınmış simalara yoqa dərsi verən azərbaycanlı yoqa ustası Akif Manaf (Manafov) fırıldaqçılıq, şantaj, təhdid, dələduzluq və cinsi istismar ittihamları ilə həbs olunub.


Alınan məlumata görə, Akif Manaf onun barəsində polisə verilən çoxsaylı şikayətlər əsasında həbs edilib.

A.Manafın evində və iş yerində axtarış aparılıb, kompüterləri müsadirə edilib. O, İstanbulun Qayrettepe Asayiş Şöbə Müdirliyində dindirilir.

İttihama görə, “Akademy Yoga”nın qurucusu, özünü yoqa professoru elan etmiş Akif Manaf xeyli adamı akademiyanın filiallarını quracağı, həmin şəxsləri bu filiallara rəhbər qoyacağı vədləri ilə aldadıb. Bunun əvəzində A.Manaf həmin şəxslərdən çoxlu pul alıb. Xeyli vaxt keçsə də, A.Manafın akademiyasının filialları açılmayıb və azərbaycanlı yoqa ustadı onların pullarını geri qaytarmayıb. Nəticədə aldadılan şəxslər onun barəsində polisə şikayət ediblər.

Həmçinin Akif Manaf qadın müştərilərinə qarşı cinsi istismarda ittiham olunur. İttihama görə, o, bəzi qadın müştərilərini aldadaraq və hipnoz edərək onlarla cinsi əlaqədə olub. Ona qarşı irəli sürülən ittihamlardan birinə görə, A.Manaf yetkinlik yaşına çatmayan qıza qarşı cinsi istismara əl atıb. Bildirilir ki, A.Manafın yoqa mərkəzlərinə gedən müştərilərdən 13-ü onun barəsində şikayət yazıb.

1958-ci ildə Azərbaycanda anadan olan Akif Manafov İqtisadiyyat Universitetində təhsil alıb. Daha sonra Moskva İqtisadiyyat Universitetində müəllimlik edib, ardınca fəlsəfə elmləri namizədi olub, Hindistanda yoqa fəlsəfəsi üzrə professor adı alıb. O, Hindistandan aldığı diplomla Türkiyədə yoqa müəllimliyi ilə məşğul olmağa başlayıb. A.Manafın “Yoqa Akademisi”nin Türkiyədə və xaricdə 55 mərkəzinin olduğu bildirilir.

/virtualaz.org/


Müəllif: