Teleqraf.com xəbər verir ki, günün ikinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş İlqar Aşurbəyovun epizodu üzrə keçmiş MTN əməkdaşları ifadə veriblər.
Onlar Aşurbəyovun Çovdarova pul verdiyini təsdiq etməyiblər və xatırlamadıqlarını deyiblər.
Akif Çovdarov da İlqar Aşurbəyovdan pul almadığını bildirib: "Qələt edir, mən pul görməmişəm, bu adamla görüşməmişəm, pul da almamışam".
Əbil Vəzirov epizodu üzrə danışan Akif Çovdarovun sözlərinə görə, oktyabrın 15-i axşam şübhəli şəxs saxlanılıb və səhəri gün prokurorluğa təhvil verilib: "İşi prokurorluq aparırdı, bütün qərarları onlar qəbul edirdi. Onun cinayət işinə də prokurorluq xitam verib. O adamdan pul alıblarsa, prokurorluqda alıblar.
O iş mənim əlimdə cəmi 2 saat olub. Mən pulu götürüb, adamı da istintaqa təhvil vermişəm? Bu necə olur? Bu işlə bağlı bütün addımlar prokurorluğun əməliyyat tapşırığına əsasən atılıb.
Bizim əməllərimiz nəticəsində kimsə zərər çəkibsə, deməli, prolurorluq günahkardır. Biz tapşırıqları icra etmişik".
Akif Çovdarovun köməkçisi Rövşən Ədilov ifadəsində bildirib ki, istintaqda dindirilən zaman ona hədə-qorxu gəliblər: "Mənə ifadəmi zorla imzalatdırdılar, İlqar Aşurbəyov da yanımda oturmuşdu. Onunla söyüşdük, dalaşdıq. Mənə təzyiq etdilər. Pul vermədiyimi demirəm, amma bu barədə danışmaq istəmirəm. Mən ordan canımı qurtarmaq üçün heç nəyə baxmadan ifadəmi imzalayıb çıxdım. Səhərisi gün tezdən Rüstəm Usubova şikayət məktubu yazdım".
Növbəti proses iyulun 5-də davam edəcək.