5 İyul 2017 13:42
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda içki aludəçisi olan atasını öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Laçın Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayərlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, qətl hadisəsi bu il yanvarın 4-də gecə saat 23:00 radələrində Bakının Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində baş verib.

Laçın Novruzov yaşadıqları evdə 1965-ci il təvəllüdlü atası Mehman Məmmədovla mübahisə edib. Mübahisə Mehman Məmmədovun içki içməsindən qaynaqlanıb. Laçın atasına 20 bıçaq zərbəsi endirib. Mehman hadisə yerində vəfat edib.

Asəf Zeynallı adına Musiqi Kollecinin 3-cü kurs tələbəsi olan Laçın Novruzov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. İttihama münasibət bildirən Laçın Novruzov özünü elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O deyib ki, atası hər gün içki içib və evdə səs-küy salıb: "22 yaşım var, özümü dərk edirəm. Qətl törətmək fikrim yox idi. Atam bıçaqla məni vurmaq, öldürmək istəyirdi. Onu öldürmək fikrim olsaydı, illər əvvəl bu cinayəti tərədərdim. Uzun müddətdir atam evdə səs-küy salır, anama işgəncə verir, onu döyürdü. Ona 21 bıçaq vurmuşam, həmin vaxt özümdə olmamışam".

Zərərçəkmişin hüquqi varisi Məryəm Novruzova mərhumun həyat yoldaşı, həm də təqsirləndirilən şəxsin anasıdır.

Bildirib ki, əri ona işgəncə verib, oğlanlarını öldürməklə hədələyib: "Oğlum günahsızdır. Həyacandan danaşa bilmirəm. O, azadlığa buraxılmalıdır".

Daha sonra təqsirləndirilən şəxsin qardaşları Vətən və Qoşqar Novruzov qardaşları şahid qismində ifadə veriblər. Onlar bildiriblər ki, ataları içki düşkünü olub, hər gün evdə dava salıb. Qoşqar Novruzov bildirib ki, hadisə zamanı hərbi xidmətdə olub: "Atam həmişə evdə dava salır, hər gün içki içir, anama işgəncə verirdi".

Daha sonra cinayət işində olan sənədlər elan edilib və sonda məhkəmə istintaqı tamamlanıb. Prokuror çıxış etmək üçün vaxt istəyib.

Növbəti proses iyulun 12-də davam edəcək.


Müəllif: Hacı Zeynalov