6 İyul 2017 14:08
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda anasının öldürməkdə ittiham olunan 16 yaşlı Maarif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Qulievin sədrlik etdiyi prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

İttihama görə, qətl hadisəsi ötən il dekabrın 18-də Sabunçu rayonun Zabrat-2 qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib. Daha sonra polisə könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

Maarif Əliyev qətli namus üstündə törətdiyini bildirib.

Mədinə Qurbanovanın əri bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə Maarif Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Yarım saat sonra Maarif Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Atəş səsinə qonşular gəlib.

Qeyd edək ki, Mədinə Qurbanovanın 4 övladı var. Maarif Əliyev onun ortancıl oğludur.

Maarif Əliyevin babası Maarif Əliyev (baba-nəvə eyni adı daşıyır-red.) cinayət içi üzrə şahid qismində ifadə verib. O bildirib ki, Mədinənin böyük oğlu internetə girərkən anasının əsgərlikdən yeni gəlmiş gənclə söhbətləşdiyini görüb: "Oğlanı tanımırıq, sonradan şəklini görmüşük. Gəlinim oğlanla sevişirmiş. Oğlan nə deyibsə, bu da deyib ki, mən də səni sevirəm. Deyib ki, Sabunçuda nənəmgilə gələcəm, sən də gəl ora, söhbət edərik. Bunu da Mədinənin oğlu bilib. Atəş açılanda heç birimiz səsi eşitməmişik. Hamımız evdə olmuşuq".

Maarif Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Prokuror Maarif Əliyevə 10 il cəza istəyib. Zərərçəkmişin hüquqi varisləri təqsirləndirilən şəxsə aşağı həddə cəza xahiş ediblər.

Son sözdə Maarif Əliyev əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə Maarif Əliyev il 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını tərbiyə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər