Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə öncə şahd qismində Fərrux Həşimov ifadə verib.
O bildirib ki, mərhum atası Nəsim Həşimov pula ehtiyacı olduğu üçün banka müraciət edib: "Atam Elnuru tanıyırdı, əvvəldən münasibətləri vardı. Biz banka müraciət etdik, məsələ bir günə həll olundu. Atam 10 min manata imza atdı. Elnur 5 min manatı atama verdi, 3 mini özünə qaldı, 2 min manat isə "şapka" olaraq tutuldu".
Fərrux Həşimovun sözlərinə görə, mərhum atası əvvəllər dərman zavodunda müdir işləyib, sonra özünə şirkət açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Digər şahid Qiyas Abdullayev bildirib ki, Elnur Hüseynovun xahişi ilə bankdan pul götürüb: "Elnur Hüseynovu mömin bir şəxs kimi tanımışam. Elnuru başqa bir mömin dostum vasitəsi ilə tanımışdım. Daha sonra məsciddə namazda görüşürdük.
Bir neçə dəfə də məclislərdə görüşüb, çay içib, çörək yemişik. Mömin qardaş kimi də münasibətimiz yaxşı olub. Məndən xahiş etdi ki, adıma kredit götürsün, razılaşdım. Şəxsiyyət vəsiqəmi götürüb, banka getdim. 10 min dollara imza atdım, manatla kassadan götürüb, Elnura verdim".
Bu zaman hakim şahiddən bu işdə nə marağı olduğunu soruşub. Şahid deyib ki, sadəcə Elnur Hüseynova kömək edib: "Allah xətrinə kömək eləmişəm. Heç bir marağım olmayıb. Bu gün başqa bir mömin qardaşım da xahiş eləsəydi, boyun qaçırmazdım".
Qiyas Abdulayevin sözlərinə görə, kredit götürərkən Elnur Hüseynovdan bir xahişi olub: "Xahiş elədim ki, kreditlə bağlı problem çıxmasın. Gecikmə olmasın, mənə zəng etməsinlər. İki il sonra "Dəmirbank"dan kredit götürməyə getdim. Orada dedilər ki, mənim gecikdirilmiş kreditim var. Buna görə mənə kredit vermədilər. Elnura zəng vurdum, dedi ki, bəzi problemlər olub, amma həll edəcək".
Növbəti şahid Rəsul Hüseynov bildirib ki, Elnur Hüseynovun xahişi ilə bankdan 10 min dollar götürüb: "Elnuru məsciddə ibadət edərkən tanımışam. Mömin qardaş kimi xətrini çox istəyirdim. Uşağının xəstə olduğunu bilirdim. Ona görə də xahişi ilə razılaşdım. 10 min dollara imza atdım".
Hakim deyib ki, təqsirləndirilən Elnur Hüseynov götürdüyü məbləğləri uşağının xəstəliyi üçün xərcləməyib: "İstintaqdakı ifadəsində Elnur etiraf edib ki, götürdüyü kreditləri "Topaz"da uduzub. Həmçinin spirtli içki istehsalı üçün şüşə butulka gətirib. Spirtli içki istehsalı ilə məşğul olmaq istəyib".
Şahid isə Elnur Hüseynovun belə əməllərindən xəbərsiz olduğunu söyləyib.
Daha sonra Elnur Hüseynovun qardaşı Həmid Hüseynov şahid qismində ifadə verib.
Məlum olub ki, onun adına bankdan iki kredit kartı vasitəsi ilə 23 min manat kredit limiti verilib.Həmid Hüseynovun sözlərinə görə, kreditin bir hissəsi qaytarılıb.
Növbəti proses iyulun 12-də davam edəcək.
İttihama görə, Elnur Hüseynov qulluq mövqeyindən istifadə edərək, 5 yanvar 2012-ci ildən 28 avqust 2015-ci ilədək “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərə müraciət edib. O, həmin şəxslərin işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyib, onlara yalandan vəd verib.
Elnur Hüseynov Səmra Məmmədovanın kredit qovluğundakı sənədlərdə sonuncunun imzasını oxşadıb icra etməklə 3 min manat, Qumru Hüseynova, Aydın Qaçayev, Elçin Qəhrəmanov, Mehdi Cavaninin hər birinin adına eyni qaydada 3 min manat kredit rəsmiləşdirib və özünə götürüb.
Eyni qaydada zərərçəkmiş Elduz Rzayevin adına 10 min manat, Qəzənfər İsgəndərovun adına isə 7 min manat kredit götürərək, dələduzluq edib.
Elnur Hüseynov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.