Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Oleq Abbasov 8 il müdfətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Rac Axundov 3 il şərti cəza alıb. O məhkəmə zalından azadlığa buraxılıb.
Oleq Abbasov dostu Rac Axundovla vətəndaşların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə külli miqdarda əmlakı ələ keçirməkdə təqsirləndiriliblər. Onlar zərərçəkmişləri ipoteka krediti düzəldəcəkləri ilə aldadıblar. Özlərini “Bank of Baku”nun filial müdiri, Mərkəzi Bankın əməkdaşı kimi təqdim edərək kreditin alınması üçün qabaqcadan pulun müəyyən hissəsinin bankın depozit hesabına keçirilməli olması, sonradan kreditlə birgə həmin pulun da qaytarılacağı barədə yalan məlumatlar veriblər.
Oleq Abbasovun anası Sumqayıt şəhərində falçılıqla məşğul olub.
Zərərçəkmişlərin bir neçəsi Oleq Abbasovla bu qadın vasitəsi ilə tanış olub. Qadın oğlunun bankda işlədiyini deyib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Oleq Abbasov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, bildirib ki, Rac Axundovla aralarında dostluq münasibəti olub: “Taksi sürücüsü İlhamı ipoteka krediti düzəltmək adı ilə aldadıb pulunu qoparmaqla bağlı Racla aramızda plan cızdıq. Ona Mərkəzi Bankdan 35 min manat ipoteka krediti düzəldə biləcəyimi dedim.
Sənədlərin düzəlməsi üçün müxtəlif vaxtlarda aldığımız 2010 manatı Racla yarı böldük. Sonra da dedik ki, ipoteka düzəlmir. İlham pulu geri qaytarmasaq, şikayət edəcəyini bildirdi. Bu addımı pulsuzluqdan etmişik, məbləği İlhama tam şəkildə qaytarmışıq”.
Oleq Abbasov ifadəsində Samirə Nəzərovanı anasının tanışı kimi tanıdığını, ondan faizə pul götürdüyünü, uşaqlıq dostu Kənan Güləhmədovdan isə borca pul aldığını deyib.
Digər təqsirləndirilən Rac Abbasov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Oleqin Samirəyə və onun anasına qarşı etdiyi dələduzluqdan xəbərsiz olduğunu göstərib. Gülnarədən üç dəfə ipoteka krediti düzəltmək adı ilə pul alıb Oleqə verdiyini, onun göstərişi ilə özünü Mərkəzi Bankın işçisi Elçin Fərzəliyev kimi qələmə verdiyini deyib.