13 İyul 2017 15:59
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Ətrabə Məmmədova ifadə verib.

O bildirib ki, zərərçəkmiş Natəvan Şahverdiyevanın qonşusudur: “Aygün onlara gəlib gedirdi, deyirdi ki, ev məsələnizi mən həll edəcəm. Ev almağınıza kömək olacam. Natəvan xanım dedi ki, pulu yoxdur. Aygün birinci qızılları istədi ki, bunları qoy, əvəzində pul götür. Qızılları verəndə mən orada idim. Amma nə qədər verdiyini bilmirəm. Sonra Natəvan xanım nə qədər Aygünə zəng vurdusa, cavab vermədi. Vəzifəli şəxslərin adını çəkirdi, gah deyirdi uşağım xəstədir, gah deyirdi, işlə bağlı Türkiyədəyəm. Səsini batırırdı ki, guya səsi gəlmir”.

Ətrabə Məmmədova qeyd edib ki, Aygün Akimova ona qarşı da dələduzluq etmək istəyib: “Guya mənim qardaşımı da işə düzəldəcəkdi. 350 manat əvvəldən aldı, sonra pulumu geri ala bildim. Qardaşımı sürücü işinə düzəldəcəkdi. Mənim yoldaşım dövlət işində işləyirdi, yəqin bundan çəkindi. Qonşum Natəvan xanım alverlə məşğul idi. Türkiyədən mal gətirirdi”.

Təqsirləndirilən Aygün Akimova isə şahidin yalan danışdığını deyib: “Natəvan alver eləmirdi. Yalan danışır... Mən onlara bir neçə dəfə baxıcı kimi getmişəm. Heç nə də almamışam”.

Digər şahid, zərərçəkmiş Natəvan Şahverdiyevanın gəlini Ləman Qasımova ifadəsində bildirib ki, Aygün Akimova onların kirayədə yaşadığını öyrəndikdən sonra ev almağı təklif edib: “Qaçqınlar üçün tikilən binadan 4 ev alacaqdı. Bunun üçün 3500 manat, evdə olan qızılları da verdik. Qızıllar mənim və qayınanamın idi. Hamısını Aygün Akimovaya verdik”.

Ləman Qasımova bildirib ki, Aygün Akimova ümumilikdə 50 min manat qarşılığında onlara 5 mənzil verəcəkmiş. Şahid ifadəsində Aygün Akimovanın dələduzluq toruna düşmələrini belə izah edib: “Bizə elə vəzifəli şəxslərin adlarını çəkirdi, şəkillərini göstərirdi ki, inanmaq olmurdu. Bir vəzifəli şəxsin şəkillərini göstərdi, deyirdi, onun həyat yoldaşıdır. Biz də buna inandıq. Düşünmədik ki, belə yalan danışar”.

Növbəti proses iyulun 20-də davam edəcək.

Aygün Akimova və İlham Baxışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

İttihama görə, Aygün Akimovanın 6 nəfərə qarşı dələduzluq edib. Onlardan ən çox zərərçəkəni isə Afət Hüseynovadır. İttiham aktında yazılır ki, Aygün Akimova mağaza sahibi olan Afət Hüseynova ilə yaxın münasibət qurduqdan sonra ona dələduzluq edib.

İlham Baxışov isə Aygün Akimova ilə bir neçə epizod üzrə dələduzluq əməllərində iştirak edib.

İstintaq sənədlərinə görə, Afət Hüseynovanın 1 milyon 750 min manat, Sona Əliyevanın 5 min manat, Kamil Abbasovun 2400 manat, Natəvan Şahverdiyevanın 35 min manat, Rita Həsənzadənin 28 min 500 dollar, Elçin Axundzadənin isə 39 min manat pulu ələ keçirilib.

Zərərçəkmişlərdən biri Aygün Akimovanın uşaqlarının atasının “Abdulla müəllim” olduğunu ifadəsində bildirib.

Məlumat üçün bildirək ki, zərərçəkmiş “Abdulla müəllim” dediyi iş adamı, bir müddət əvvəl həbsdən çıxan AMAY-ın sahibi Abdulla Abdullayevi nəzərdə tutur.

Əldə etdiyimiz məlumata görə, bu iş üzrə AMAY Abdulla istintaqda şahid kimi ifadə verib. O, Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını etiraf edib.


Müəllif: Hacı Zeynalov