Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə MTN-in idarə rəisi olmuş Söhrab Əliyev ifadə verib.
O, zərərçəkmiş Vidadi Əzizovun ifadəsi əsasında əlavə şahid qismində məhkəməyə dəvət edilib.
Vidadi Əzizov ötən məhkəmə iclasında ifadəsində bildirib ki, pulunun götürülməsində MTN polkovniki Aydın Manafov da iştirak dib, onun pulunu qaytaracaqlarına söz veriblər. Onun sözlərinə görə, Mirəziz Əsgərovun bu hadisələrdən xəbəri olmayıb.
Məhkəmədə ifadələrdən də məlum olur ki, Vidadi Əzizov həbs olunandan sonra MTN-ə gətirilib, sellofan torbada olan pul Aydın Manafovun otağına qoyulub. Torbadakı pul Vidadi Əzizova qaytarılıb, zərərçəkmiş sayanda pulunun yarısının götürüldüyü görüb.
Əlavə şahid qismində dindirilən Söhrab Əliyevdən bu məsələlərlə, o cümlədən casusluqla bağlı mühüm materialları Baş Prokurorluğa göndərməməsinin səbəbi soruşulub.
Söhrab Əliyev belə materalı xatırlamadığını deyib. Ümumiyyətlə, o, suallara cavab verə bilməyib.
Növbəti məhkəmə iclası iyulun 21-ə təyin edilib.
İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.
Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.