19 İyul 2017 16:22
575

Bu gün Səbail rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Faiq Əmirlinin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ötən il avqustun 20-də saxlanılan Faiq Əmirli Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.

Onun avtomobilindən FETÖ rəhbəri Fətullah Gülənə aid kitablar tapılıb.


Müəllif: Hacı Zeynalov