20 İyul 2017 16:34
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Elgiz Həsənov ifadə verib. O, qəzaya qədər olanları xatırlamadığını deyib: “Qəzadan sonra olanları xatırlayıram. Qəza bir anda oldu. Ötmə əməliyyatını görməmişəm. Qəzadan sonra maşından düşən 4 nəfərdən biri idim. Çıxanda gördüm ki, 3 dostum yerdə uzanıb. Hər yer qan içindəydi. Bir neçə dəqiqə əvvəl bir yerdə olduğum, söhbət etdiyimi adamlar, dostlarım artıq cansız idi”.

Daha sonra hakim zərərçəkmişlərin dindirilməsinin başa çatdığını deyib. İş üzrə tanınan şahidlərdən bir nəfərin dindirilməmiş qaldığı elan edilib.

Növbəti proses iyulun 25-də davam edəcək.

Qeyd edək ki, dindirilməyən şahid qəza zamanı tələbələrin olduğu qırmızı rəngli “Ford”la ötüşdüyü deyilən yaşıl rəngli “Ford”un sürücüsü Rauf Seyfullayevdir. Hakimlər onun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb.Hələ ki, Rauf Seyfullayev məhləməyə gətirilməsi mümkün olmayıb.

Əlavə edək ki, qəzadan sonra yayılan videogörüntülərdə qəzaya uğrayan “Ford”un yaşıl rəngli “Ford”la ötüşdüyü və sağ tərəfdən ötmə əməliyyatı etdiyi görünür.

İttihama görə, bu il martın 9-da Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhərində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova, Lalə Nəsirzadə və Çinarə Quliyevadır.

Hadisədən sonra aparılan araşdırmalar nəticəsində mikroavtobusun sürücüsü Namiq Hüseynov həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər