31 Avqust 2017 11:29
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda təqsirli bilinən Xızı rayon Arxiv İdarəsinin sabiq müdiri Paşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Paşa Məmmədov Bakı şəhər sakini Kərimulla Əkbərovdan Xızı rayonu Qars kəndində mərhum atası Ceymulla Əkbərova məxsus həyətyanı torpaq sahəsinə dair müvafiq sənədlərin surətlərinin verilməsi ilə bağlı 1300 manat rüşvət istəyib. Kərimulla Əkbərovdan razılaşdığı pulu alıb.

Bundan sonra o, Kərimulla Əkbərovun müraciətinə əsasən, müvafiq rəsmi sənədin, yəni qeyd olunan cədvələ əlavə olaraq Xızı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən həyatyanı torpaq sahəsinin ayrılmasına dair qərarın surətinin verilməsinə görə 2000 manat istəyib.

Sonradan telefon danışığı zamanı Kərimulla Əkbərov həmin məbləği verməyə imkanı olmadığını bildirib, həmin sənədin surətinin verilməsini 1500 manata razılaşdırıb.

Amma Kərimulla Əkbərov Paşa Məmmədovun barəsində hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb.

Paşa Məmmədov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Paşa Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Paşa Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və Paşa Məmmədovun cəzası 8 ilə endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər