Bakıda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anası Lətifə Hüseynova şahid qismində ifadə verib.
O, oğlunun heç kəsə borcu olmadığını deyib: “Biz rayonda bütün mal-qaranı, qoyun-quzunu satmışıq, oğlumun borcunu qaytarmışıq. Emilin heç kəsə borcu qalmayıb”.
Lətifə Hüseynova hakimlərin, dövlət ittihamçısının, zərərçəkmişlərin və müdafiəçilərin suallarını cavablandırıb.
Növbəti proses sentaybrın 15-də davam edəcək.
İttihama görə, Emil Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 min 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət materiallarına əsasən, Emil Hüseynov həmin vətəndaşları Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə aldadıb.
Emil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Elan olunmuş ittiham üzrə Emil Hüseynov özünü qismən təqsirli bilib.
Qeyd ki, Emil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbiri sonradan ev dustaqlığı ilə əvəz edilib. O, sabiq Nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.