8 Sentyabr 2017 18:35
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin girovla əvəz edilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti üzrə məhkəmə təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində baş tutan prosesə Mehman Əliyev gətirilməyib.

Bu səbəbdən proses sentyabrın 11-dək təxirə salınıb.

Xatırladaq ki, sentyabrın 6-da Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə Mehman Əliyev girov müqabilində azadlığa buraxılması ilə bağlı ərizə təmin edilməyib. Mehman Əliyev və vəkili Fuad Ağayev həmin qərardan apelyasiya şikayəti verib.

İttihama görə, Vergilər Nazirliyi Turan İnformasiya Agentliyi MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Məlum olub ki, Turan İnformasiya Agentliyi MMC-nin direktoru Mehman Əliyev qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulan funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” qanununun tələblərini pozub.

Onun 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

Mehman Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər