Tərtər rayonundə quldurluq etməkdə təqsirli bilinən Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən il martın 23-də rayon sakini Ramiz Məmmədov bir qrup şəxsin hüsumuna məruz qalıb.
Onlar zərərçəkmişdən içərisində 74500 manat dəyərində qızıl əşyalar olan çantanı quldurluq yolu ilə alıblar.
Tərtər rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayev tutulublar.
Məlum olub ki, quldur dostlar qızılları dəyərindən aşağı qiymətə, 34 min manata satıblar. Əldə edilən pul onların arasında bölünüb.
Dostlar özlərinə avtomobil də alıb. Avtomobillərə baxış zaman oradan cinayətdə istifadə edilən əlcəklər, maskalar, bıçaq və digər alətlər, eyni zamanda zinət əşyalarının briliyant qaşlar aşkar edilərək maddi sübut kimi götürülüb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü (quldurluq) maddəsi ilə ittiham ediliblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgiz Paşayev 11 il, İlqar Hümbətov 11 il və Elnur Ağazadə 10 il 6 ay, Cəlil Əmirli 10 il müddətinə azadlıqdan məhrum ediliblər.