Novxanı kəndində adam bıçaqlamaqda təqsirləndirilən Yevlax rayon sakini Məhəmməd Amoyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin avqust ayında Məhəmməd Amoyev bacısı oğlu Rəhman İsbəndiyarovun telefonuna Vorsapla səhv mesaj göndərən, mübahisə zamanı sonuncunun anasını söyən Asif Quliyevlə görüşmək üçün Novxanı kəndindəki “Dalğa” Ticarət Mərkəzinin yanına gedib.
Bacısı oğlunun Asif Quliyevlə tutaşdığını görüncə, bıçaqla ona qarın nahiyəsindən zərbə endirib. Həmin vaxt onları ayırmağa çalışan Rəşad Vəliyev də Məhəmməd Amoyevin bıçaq zərbələrinə tuş gəlib.
Məhəmməd Amoyevin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkməsinə göndərilib. Cinayət işi hakim Rauf Əliyevin sədrliyi ilə baş tutan prosesdə araşdırılıb.
Məhkəmədə Məhəmməd Amoyev elan olunmuş ittihamla özünü təqsirli bilib. O, bildirib ki, hadisə baş verən gün axşam saatlarında Novxanı kəndində yerləşən mağazadan ərzaq alıb evə gedərkən bacısı oğlu Rəhmanın telefonda kiminləsə mübahisə etdiyini görüb: "Ondan nə baş verdiyini soruşsam da, mənə heç nə demədi. Sonra birlikdə kirayə yaşadığımız evə gəldik. Evdə Rəhmandan kiminlə mübahisə etdiyini soruşdum. Dedi ki, Votsapda tanımadığım bir nəfər mənə ana söyüşü yazıb.
Bir qədər sonra Rəhmanın telefonuna yenə zəng gəldi. Rəhman ona söyüş yazan şəxsin “Dalğa”nın yanına gəldiyini dedi. Evdən bıçaq götürdüm və bacım oğlu ilə birlikdə həmin yerə gəldik. Bir qədər keçmiş 3 nəfər şəxs bizə yaxınlaşdı. Rəhman telefonda söyüş söyənin kim olduğunu soruşdu. Onlardan biri qabağa çıxaraq “mən idim” dedikdə Rəhman onu yumruqla vurdu. Rəşadla onları ayırdıq. Asif cibindən bıçaq çıxarıb Rəhmana sarı qaçarkən bıçaqla onu vurdum. Rəhmanı da götürüb evə gəldim. Ertəsi gün birlikdə Abşeron rayon polis idarəsinə getdik”.
Zərərçəkmiş şəxs qismində dindirilən Asif Quliyev ifadəsində “Votsap”da iş yoldaşına zarafatla yazdığı mesajın səhvən Rəhman İsbəndiyarova getdiyini, buna görə ondan üzr istədiyini göstərib.
Məhkəmənin hökmü ilə Məhəmməd Amoyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.