11:56
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Səlim Məmmədov son söz deməyə başlayıb. O, ittihamları qəbul etməyib, çıxşının sonunda barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Digər təqsirləndirilən Orxan Osmanov da son sözlə çıxış edərək bəraət hökmü çıxarılmasını xahiş edib.
Hazırda proses davam edir.
***
15:04
Polkovnik Səlim Məmmədov son çıxışında deyib ki, ona qarşı düşmənçilik 2008-ci ildən yaranıb: “Həmin vaxt biz bir polis mayorunun oğlu ilə bağlı tədbir keçirdik. Onun ekstaz satması barədə bizdə məlumat var idi. Həmin oğlan və danışdığı şəxslərin telefon nömrələrini dinləməyə qoyduq.
Bu xətt zəncirvari olaraq Bakı şəhər prokurorunun oğluna və Əzizbəyov rayonunun keçmiş prokurorunun oğluna qədər çıxdı. Hər şeyi səliqəli şəkildə, qanun çərçivəsində etdik. Axtarışların hamısında şəxsən özüm iştirak etdim.
Gəlib gördüm prokurorluq aləmi bir-birinə qatıb ki, sən prokurorluqların uşaqlarına sataşmısan. Az qalırdı məni xalq düşməni elan etsinlər. Ortada video var idi deyə işi “sındıra” bilmədilər. O uşaqların hərəsinin cibindən 300-350 tabletka çıxdı. Bizim düşmənçiliyimiz də o vaxtdan başladı”.
Səlim Məmmədov qeyd edib ki, özü, Akif Çovdarov və milli təhlükəsizlik naziri Eldar Mahmudov daim dövlətə xidmət ediblər: “Bizə qarşı verilən istənilən qərardan asılı olmayaraq dövlətimizə sadiq qalacağıq. Keçmiş “MTN-çi” olmur. Amma bizə qarşı qərəzli davranırlar”.
Səlim Məmmədov bildirib ki, dövlətə xəyanət etməkdə ittiham edilən Rauf Mirqədirovu anasının yasına buraxdılar: “Amma anam öləndə məni buraxmadılar. Biz sizin uşaqlar üçün çalışıb narkotiklə mübarizə aparırdıq, siz bizimlə nəyin mübarizəsini aparırsız?
Biz işləyəndə il ərzində 1 tondan çox narkotik vasitə aşkar edirdik, bizdən sonra isə ilə cəmi 30 kiloqram narkotik tapa biliblər. Azərbaycan xalqına həqiqət, hakimlərə ədalət, özümə isə bəraət istəyirəm”.
***
Günün ikinci yarısında davam edən prosesdə sabiq idarə rəisi Akif Əliyev son sözlə çıxış edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra Akif Çovdarova son söz verilib. O, çıxşa hazır olmadığını deyib və məhkəmədən çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyib.
Növbəti proses oktyabrın 4-də davam edəcək.