Hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda və regionlarda telefon oğurluğu ilə məşğul olan şəxslərin tutulması üçün əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, metropoliten polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Seyidov tutulub.
O, noyabrın 2-də metronun “28 May” stansiyasında Bakı şəhər sakini Zaur İbrahimlinin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinib. Onun bir gün əvvəl eyni yerdə Bakı şəhər sakini Adil İsgəndərovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.
Telefon oğurlamaqda şübhəli bilindiyinə görə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan Elman Ələkbərovun ətrafında əməliyyat tədbirləri aparılıb. Onun Qaradağ rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus 10 mobil telefon oğurlaması müəyyənləşib.
Noyabrın 1-də paytaxt sakini Cabir Vəliyevin “Hyundai” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Temirov Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Onun sentyabrın 26-dan oktyabrın 27-dək olan müddətdə ayrı-ayrı vətəndaşlara məxsus 9 avtomobildən mobil telefon və planşet oğurlaması da müəyyən edilib.
Oktyabrın 30-da Şəki şəhərində yaşayan Gəncə şəhər sakini Elmir Musayevin evindən mobil telefon oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Şahmar Mahmudov Şəki polisi tərəfindən tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki evlərdən birindən daha bir mobil telefon oğurlaması müəyyən edilib.