7 Noyabr 2017 13:06
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Sədaqət İsmayılova ifadə verib.

O bildirib ki, Vüqar Güləlinin evində qalıb: “Həmin vaxt evdə xəstə idim. Vüqar deyirdi ki, bir nəfərdən 87 min manat pul alıb, lakin onun adını açıqlamaq istəmirdi. Bir müddət sonra bu adama pul verən şəxslər gəldi və Vüqar etiraf etdi ki, 147 min manat pul alıb”.

Vüqar Güləli şahidin yalan danışdığını deyib. O bildirib ki, Sədaqət İsmayılova digər təqsirləndirilən Vüqar Əsədovun qohumudur. Vüqar Əsədov Sədaqət İsmayılova ilə qohum olduğunu təsdiqləyib.

Daha sonra vəkil Günay Hacıyeva vəsatət verib. O, Nicat Məmişovun əlavə şahid qismində dindirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Növbəti proses noyabrın 16-da davam edəcək.

İttihama görə, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.

Həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi ilə qadının 147 min manat pulunu ələ keçiriblər.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslər digər vətəndaşlara qarşı da dələduzluq ediblər.

Onlar iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəkləri vədi ilə Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alaraq qaytarmayıblar.

Cinayət işində çoxsaylı zərərçəkmiş var.

Xatırladaq ki, Vüqar Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təqaüddə olan polkovnikidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər