Bakıda təcili tibbi yardım stansiyasının həkimini bıçqlamaqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Avaz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, hadisə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 14 saylı köməkçi yardım stansiyasında baş verib.
Məlum olub ki, Avaz Hüseynovun həyat yoldaşı həmin “təcili yardım” stansiyasında xəstə baxıcısı işləyib. Hadisə baş verən günü Avaz Hüseynov həmin təcili yardım stansiyasına zəng edib və həyat yoldaşı ilə danışmaq istəyib.
Telefona cavab verən stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Əflatun Yusifov ondan xətti məşğul etməməyi tələb edib. Buna əsəbləşən Avaz Hüseynov stansiyaya gəlib və Əflatun Yusifovu ürək nahiyyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Məhkəmə baxışı noyabrın 15-nə təyin edilib.