Bakıda dələduzluqda təqsirləndirilən İmişli rayon sakini, 1971-ci il təvəllüdlü Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Vəfa Osmanlı aili təhsillidir, hazırda subay olan qadın Abşeron rayonunda yaşayır.
Daha sonra prosesdə zərərçəkmiş Asif Orucəliyev vəsatət verib. O bildirib ki, təqsirləndirilən şəxs ona külli miqdarda ziyan vurub, lakin həmin məbləği geri qaytarmayıb.
Zərərçəkmiş Vəfa Osmanlının barəsində həbs qətimkan tədbirinin seçilməsini və onun məhkəmə zalından həbs edilməsini istəyib.
Məhkəmədə iştirak edən digər zərərçəkmişlər də Asif Orucəliyevin vəsatətini müdafiə etdiklərini deyiblər. Zərərçəkmişlərin vəsatəti təmin edilməyib.
Məhkəmənin baxışı noyabrın 17-nə təyin edilib.
Vəfa Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunur.
O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxşın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. İş üzrə zərərçəkmiş qismində tanınaların bir neçəsi müəllim işləyir.
Vəfa Osmanlının barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Vəfa Osmanlı əvvəllər Azərbaycan İqtisad Universitetində tyutor vəzifəsində çalışıb.