Goranboy rayonunda dələduzluq faktı aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, rayon sakini olan bir qadının 5000 manatlıq dələduzluq əməli ilə üzləşdiyiu barədə Goranboy rayon polis şöbəsinə məlumat daxil olub.
Həmin məlumatdan bəlli olub ki, Goranboy rayonun Muzdurlar kəndində bir qadının evinə gələn naməlum şəxs özünü Rusya Federasiyası hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. Adının Ələddin olduğunu deyən həmin şəxs ev sahibəsinin oğlu Raminin Rusiya Federasiyasına girişinə qadağa qoyulduğunu, lakin istədiyi məbləğin ödəniləcəyi təqdirdə həmin qadağanı ləğv etdirəcəyini bildirib.
Ev sahibəsinin oğlu isə bir il əvvəl Moskva şəhərində oğurlanmış avtomobilinin tapılması ilə əlaqədar təcili bu ölkəyə getməli olduğundan həmin şəxsə tələb etdiyi 5000 manatı verib.
Moskvada olarkən hüquq-mühafizə orqanlarında Ələddin adlı soydaşımızın işləmədiyinə əmin olan Ramin sonda aldadıldıqlarını başa düşüb.
Oktyabr ayının 11-də Raminin anası Goranboy rayon polis şöbəsinə müraciət edərək üzləşdiyi dələduzluq hadisəsi barədə məlumat verib.
Araşdırmalarla dələduzluq edən şəxsin Samux rayonunun Ağasıbəyli kənd sakini Ələddin Novruzov olduğu müəyyən edilib və o, dərhal saxlanılaraq istintaqa təhvil verilib.