Bakıda narkotik bitkilərin yetişdirilməsində təqsirləndirilən 55 yaşlı İlqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
İlqar Rzayev 5 il azadlıqdan məhrum edilib.
İttihama görə, İlqar Rzayev Xəzər rayonu, Qala qəsəbəsindəki bağ evinin həyətində qanunsuz narkotik vasitə olan çətənə bitkisi yetişdirib və kultivivasiya edib.
Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşlarının əməliyyat tədbiri nəticəsində İlqar Rzayevə məxsus bağ sahəsinə baxış keçirilib. Bağdan 1 kiloqram 145 qram çətənə bitkisi aşkar edilərək götürülüb.
İlqar Rzayev Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham olunub.
Uzun illər Daxili İşlər Nazirliyinin Nəqliyyat Polisində işləyən, hazırda təqaüddə olan sabiq polis mayoru istintaq zamanı narkotik istifadəçisi olduğunu etiraf edib.
O, ifadəsində yay aylarında bağda qaldığını, mayın əvvəlində ağacları sulayarkən yaşıl otlara rast gəldiyini deyib: “Otun orada necə bitməsindən xəbərim olmayıb. Narkotik istifadəçisi olduğumdan həmin bitkilərə qulluq edib yetişdirdim. Bitkiləri dərib qurudub, özüm istifadə etməyə hazırlaşırdım. İyunun 7-də bağda olan zaman bir neçə nəfər həyətə gəlib, polis olduqlarını dedilər, evə baxış keçirmək istədiklərini bildirdilər. Baxış zamanı 50 ədəd çətənə kolu aşkarlanaraq götürüldü”.