Bərdə şəhər sakini Nicatağa Bağırov evindən oğurluq edildiyi barədə rayon polis şöbəsinə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, zərərçəkən evdən ümumilikdə 4 min 300 dollar dəyərində qızıl əşyaların, fotoaparatın, 1280 manat dəyəri olan məişət əşyalarının oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Sərdar Qurbanov olduğu müəyyən edilib.
O, törətdiyi əməli etiraf edib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb.