Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində çıxarılmış hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə zərərməkmiş Nizami Kazımov ifadə verib.
Nizami Kazımov bildirib ki, ona 2 milyon dollar ziyan dəyib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib, mülki iddiasının təmin edilməsini, dəymiş zərərin ödənilməsini tələb edib.
Nizami Kazımovun sözlərinə görə, MTN tərəfindən şərlənərək həbs edildiyi dövrdə bizneslə məşğulmuş. 2 milyon dolları həbsdən azad olunması üçün Vüsal Ələkbərova verib.
Digər zərərçəkmiş Elşən Mədətovun sözlərinə görə, Vüsal Ələkbərova qarşı 250 min dollar dəyərində mülki iddia qaldırıb. İş adamı həmin pulu Vüsal Ələkbərova verdiyini deyib: “Həmin vaxt Şirvan şəhərində zavod rəhbəri idim. “Texnikabank”ın rəhbərliyini həbs etmişdilər. Mənim də bankda pul var idi. Sonra məni MTN-ə çağırdılar. Orada mənə hədə-qorxu gəldilər, həbs etməklə hədələdilər. Həbs edilməməyim üçün Vüsal Ələkbərov 250 min dollar tələb etdi. Pulu Vüsal Ələkbərova verdim. Hadisədən sonra şəkər xəstəliyi tapmışam”.
Daha sonra zərərçəkmiş Namiq Rzayev deyib ki, təqsirləndirilən Vüsal Ələkbərova 200 min, MTN-nin baş istintaq idarəsinin sabiq rəisi Mövlan Şıxəliyevə isə 300 min manat verib.
Vüsal Ələkbərov vəsatət verərək, birinci instansiya məhkəməsinin protokolu ilə tanış olmadığını və sənədlə tanış olmaq istədiyini bildirib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Daha sonra Vüsal Ələkbərov irəli sürülmüş ittihamla razı olmadığını deyib, özünü təqsirli bilməyib.
Təqsirləndirilən zərərçəkmişlərin onunla qərəzli olduqlarını bildirib, barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Növbəti proses dekabrın 14-də davam edəcək.
Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.
Hökmdən belə görünür ki, zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilib. Məhkəmə belə nəticəyə gəlib ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər Akif Qurbanovdan hədə-qorxu yolu ilə pul alıblar.
Digər zərərçıkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanıb. Məhkəmə bunu belə əsaslandırıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi alıblar. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.
Cinayət işində adı keçən zərərçəkmiş və mülki iddiaçılar – Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Müsənnif Salahov apelyasiya şikayətlərini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər.
Vüsal Ələkbərova qarşı Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Bahəddin Sultanov 370 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddia qalıdırblar.
Bakı Hərbi Məhkəməsi hökm çıxaran zaman zərərçəkmişlərin mülki iddialarını təmin etməyib. Hökmdə bildirilib ki, zərərçəkmişlər həmin məbləğlərdə pulu Vüsal Ələkbərova rüşvət qismində veriblər, buna görə də onların mülki iddiaları təmin oluna bilməz.
Zərərçəkmişlər apelyasiya şikayətlərində hökmün bu hissəsinin ləğv edilməsini və onların mülki iddialarının təmin edilməsini istəyiblər.
Vüsal Ələkbərovun vəkilləri də hökmdən apelyasiya şikayəti veriblər. Vəkillər hökmün ləğv edilməsini və Vüsal Ələkbərov barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Hərbi Məhkəməsi həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və icra olunması üçün adiyyəti üzrə prokurluğa göndəriləcək.
İstintaq sənədlərinə görə, Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzili üzərinə həbs qoyulub.
Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.
İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.