Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun barəsində çıxarılan məhkəmə qərarından kasasiya şikayəti verilib.
Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, kasasiya şikayəti noyabrın 27-də təqdim edilib.
İş hakim Əli Seyfəliyevin icraatındadır. Məhkəmənin ilkin baxış iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, Vidadi Zeynalovun qohumları Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər. Onlar əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini tələb ediblər. Qeyd edilib ki, Vidadi Zeynalovun baba evi, yəni 1923-cü ildə alınmış mənzil hələ də həbsdən azad edilməyib.
Vidadi Zeynalov özü isə cəza ilə bağlı heç bir şikayət verməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun cəzası 4 ilə endirilib.
Vidadi Zeynalola birlikdə mühakimə olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov 11 il, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov 10 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev 5 il, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmə əsasən, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyevun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. Qərara əsasən, Namazalı Məmmədov, Qəmbər Bəybalayev, Anar Mustafayev və Emin Məmmədov şərti cəza verilib, onlara məhkəmə zalından azadlığa buraxılıb.