8 Dekabr 2017 17:40
2 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eks-prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimovun (Fətişoğlu) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə iştirak etməsi üçün Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova göndərilən çağırışa cavab verilib.

Raqub Məmmədov məhkəməyə göndərdiyi məktubda dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə şahid qismində istintaqa verdiyi ifadəsini təsdiq edərək, məhkəmədə ifadə vermək istəmədiyini qeyd edib.

Qeyd edək ki, Teylor İbrahimov Raqub Məmmədovun məhkəməyə çağırılması üçün bir neçə dəfə vəsatət qaldırıb. O, ittiham olunduğu dələduzluq əməlində icra başçısının vasitəçi olduğunu iddia edib.

Məhkəmədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb. 2014-cü ildən icra başçısı vəzifəsində işlədiyini deyən Raqub Məmmədov bildirib ki, Teylor İbrahimovla münasibətləri olub: “Teyloru xəbər saytının rəhbəri kimi tanımışam. O, Ağdamda keçirilən ictimai tədbirlərdə jurnalist kimi iştirak edib, bunu saytda yayımlayıb. Sonradan eşitdim ki, Teylor Ağdam sakinlərini aldadıb, onlara icra başçısı tərəfindən müəyyən vəzifələrə təyin etdirəcəyi haqda vədlər verib, adamlardan müxtəlif məbləğdə pullar alıb”.

İcra başçısı zərərçəkmiş İsmayıl Məmmədovun Teylor İbrahimovla birlikdə onun yanına gəldiyini təsdiqləyib: “Teylor İbrahimov Ağdamın Güllücə kənd sakini İsmayıl Məmmədovla birlikdə rayon icra hakimiyyətinə gəlmişdi. Teylor İsmayılı anasının qohumu kimi təqdim etdi. Məndən xahiş elədi ki, İsmayılı İmamqulubəyli qəsəbə nümayəndəliyində bir işlə təmin edim. Mən də fikirləşib, İsmayıla dedim ki, onun üçün bir iş taparam.

Bir müddət sonra İsmayıl yenə gəldi, məndən iş haqda soruşdu, dedim ki, hələlik rayonda ona münasib vakant yer yoxdur. Amma kimsə təqaüdə çıxsa, onun yerinə təyin edilə bilər. Sonra eşitdim ki, Teylor ondan mənim adımla müəyyən miqdarda pul alıb. İcra hakimiyyətinin binası qarşısında İsmayılı yanıma çağırıb, ətrafdakıların da eşidəcəyi tonda ondan soruşdum ki, Teylor Fətişoğluna vəzifəyə təyin olunmaq üçün pul vermisən? İsmayıl “xeyr” deyə bildirdi. Xəbərdarlıq elədim ki, əgər sən Teylora və ya başqasına bu məqsədlə pul vermisənsə, heç bir vəzifəyə təyin olunmayacaqsan”.

İcra başçısının sözlərinə görə, bir müddət sonra Teylor İbrahimovun Ağdamın Üçoğlan kənd sakini Rafil Hətəmovdan da su-kanal idarəsinə rəis təyin etdirmək adı ilə pul aldığını eşidib.

İttihama görə, Teylor İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin etdirəcəyini deyərək, onun 15500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Digər zərərçəkmiş Zaur Məmmədovu isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

O, 20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda günahkar bilinir.

Teylor İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.


Müəllif: Hacı Zeyanlov

Oxşar xəbərlər